Azərbaycanda qorxulu bölgə: Orada insanlar bir-birilərinə `yaxşı yol` arzulamırlar

Azərbaycanda qorxulu bölgə: Orada insanlar bir-birilərinə `yaxşı yol` arzulamırlar

-- Çayın üzərində körpü olmadığına görə rayon mərkəzinə gediş-gəliş çətindir

Tikanlıya və ondan sonra gələn digər kəndlərə getmək üçün, sözün həqiqi mənasında, qıl körpüsündən keçmək lazımdır
 
Deyirlər, bu kəndə gələn qonaq-qara bir də oraya ayaq basmaq istəmir. Söhbət Qəbələ rayonunun Tikanlı kəndindən gedir. Belə deyilməsinə səbəb isə kəndin körpüsüdür. Məhz bu körpü rayonla 10 kəndi birləşdirir. Ancaq buna körpü demək mümkündürsə…
 
Kənd sakini Məmməd Zeynalov Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, bu şəraitdə yaşamaq olduqca çətindir: "Hətta mümkün deyil. Xəstələrimiz olduqda isə, qorxu içində qalırıq. Çünki heç bir təcili yardım və digər qurumlar körpüsü olmayan bu kəndə gəlmək istəmir. Hamı problem ucbatından gəlməkdən imtina edir".
 
Alternativ yol isə, nə az-nə çox, düz 50 kilometrlik məsafədə yerləşir. Çayın üzərində körpü olmadığına görə rayon mərkəzinə gediş-gəliş çətindir. 10 kəndin sakinləri bu çayın üstündən keçib gedirlər.
 
Kəndlilər rayon mərkəzinə gəlmək üçün çay üzərindən ağır yük maşınları ilə keçirlər. Yük maşını ilə çayı keçməyin qiyməti 1 manatdır. Pul vermək istəməyənlər, verə bilməyənlər isə sürətlə axan suyu yalın ayaqla keçmək məcburiyyətindədirlər.
 
Sağollaşanda bir-birinə "Yaxşı yol" mənasında "Güllü-çiçəkli yollar!" arzulayan camaatın yaşadığı bu kəndin yolu yoxdur. Daha doğrusu, Tikanlıya və ondan sonra gələn digər kəndlərə getmək üçün, sözün həqiqi mənasında, qıl körpüsündən keçmək lazımdır.
 
Qəbələnin özü ilə bu kəndin arası vur-tut 9 kilometrdir. Tikanlı kəndi ilə ondan sonra gələn kəndin arasında da normal gediş-gəliş var. Qara çayın üzərində tikilən körpü kəndlilərin bir-birindən hal-əhval tutmalarına imkan yaradır. Yeganə problem odur ki, Tikanlı-Bum çayının üzərinə bir körpü salınmalıdır.
 
Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildirildi ki, Tikanlı çayının yatağının daha geniş olmasına görə orada böyük körpü salınmalıdır: "Bu məsə müvafiq qaydada işlənib və tikintisi Dövlət Proqramına salınıb. Proqram əsasında həmin çayın üzərində körpü quraşdırılması nəzərdə tutulur".
 
 
 
 

Google+ WhatsApp ok.ru