Azərbaycanda bazar münasibətləri 'bazar'a dönüb

Azərbaycanda bazar münasibətləri 'bazar'a dönüb

«Yeni Müsavat» qəzeti ərzaq və istehlak mallarının bahalaşmasından yazır: «Ərzaq sürətlə bahalanır - rəsmi xəbərə ekspert rəyi».
 
Qəzet öncə rəsmi statistikanı təqdim edir: «Bu ilin ilk yarısında ərzaq məhsulları 3%, qeyri-ərzaq məhsulları 3.8%, əhaliyə ödənişli xidmətlər 2.4% bahalaşıb».
 
Yazıda deyilir ki, kərə yağının qiymətinin enməsi üçün keçən il gömrük rüsumları 15%-dən 5%-ə qədər azaldılsa da, qiymət elə 17 manat 90 qəpik həddində qaldı.
 
Qəzetə danışan iqtisadçı-ekspert Rəşad Həsənov bahalaşmanın səbəblərini belə şərh edir: «Burada gözlənilməyən nəsə yoxdur. Ümumiyyətlə, inflyasiya proqnozlaşdırılırdı, xüsusən də ərzaq məhsullarında. Müşahidələr onu göstərir ki, real bazar qiymətlərində artımlar daha yüksəkdir».
 
Ekspert hesab edir ki, ölkədə ərzaq məhsullarında inflyasiya meylləri 2015-ci ildən bəri daha da sürətlənib, bunun səbəbləri sırasında isə devalvasiyalar, ölkədə istehsalın xammal baxımından idxaldan asılı olması kimi amillər var: «2017-ci ilin birinci rübündə yığımların xərclənməsi prosesi başladı, bununla da sahibkarlar üçün qiymət artımı imkanları formalaşdı. Bu bahalaşma özünü ötən il ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasında göstərdi, bu, təqribən 16% ətrafında idi».
 
R.Həsənovun sözlərinə görə, proses 2018-ci ildə də davam edir, çünki elə məhsullar var ki, onların qiymətləri dünya bazarında da qalxır, bu da ərzaqların maya dəyərinə, qiymətinə təsir edir.
 
Kərə yağının ucuzlaşmaması barədəsə ekspert deyir ki, burada həm daxili istehsalın tələbatı ödəməməsi, həm yerli məhsulun keyfiyyətsizliyi, həm də inhisarçılıq kimi amillər iştirak edir.
 
R.Həsənov bahalaşmanın bundan sonra da davam edə biləcəyini deyir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru