Azərbaycan ahılının pensiya `arzusu`

Azərbaycan ahılının pensiya `arzusu`

"Müsavat.com"da  "Azərbaycan və dünyada pensiya yaşı niyə artırılır?" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif Azərbaycanda və eləcə də bir sıra xarici ölkələrdə pensiya yaşlarının artırılmasını müzakirə müstəvisinə daşıyır.
 
Yazıda xatırladılır ki, bu günlərdə 2019-cu ildən Rusiyada pensiya yaşlarının artırılması qərarı etirazlara səbəb olub, belə ki, bu yaş həddi kişilər üçün 65, qadınlar üçün 63 yaşa kimi uzadılır, buna qədərsə pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 yaş idi.
 
"Azərbaycanda isə pensiya yaşının artırılmasına ötən ilin yanvarından başlanıb. 2017-2021-ci illərdə kişilərin, 2017-2027-ci illərdə isə qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılıb 65-ə çatdırılacaq. Kimsə işləyə-işləyə bu yaşa çata biləcəksə, dərhal pensiya almaq hüququ əldə etməyəcək.Bu, onun Pensiya Fondunda toplanan pensiya kapitalının məbləğindən asılı olacaq".
 
Müəllif deyir ki, işlədiyi dövrdə fonda onun üçün ödənilən sosial sığorta haqqının 85 faizini təşkil edəcək bu kapitalı 144 ay olmaqla 2 ilə bölünəcək, alınan məbləğ indi 110 manat olan minimum pensiya məbləğindən az olacaqsa, şəxs pensiya ala bilməyəcək, işlməyə məcbur olacaq ki, minimum pensiyanı ala bilsin.
 
Məqalədə deyilir ki, minimum pensiyanı almaq üçün isə azı 25 illik iş stajı tələb olunur, bu stajı da olmayanlar yalnız yaşa görə müavinət ala biləcəklər.
 
Müəllif bunu da vurğulayır ki, 65 yaşda pensiya almaq o adamlar üçündür ki, yüksək maaş və qanuni əmək müqaviləsi ilə işləyib, özünə yaxşı pensiya kapitalı yığa bilib.
 
Məqalə müəllifi deyir ki, indi sayı 100 minlərlə ölçülən əmək müqaviləsiz işləyənlər, aldığı əmək haqqının cüzi bir hissəsini rəsmiləşdirənlər də pensiya ala bilməyəcəklər.
 
Müəllif deyir ki, Azərbaycanda pensiya yaşının artırılmasını əsaslandırmaq üçün məmur və deputatlar tez-tez Avropa və s. ölkələrin təcrübəsinə istinad edirlər. O, bu istinadı əsassız sayır: "Məsələ burasındadır ki, bu nümunə gətirilən ölkələrdə pensiya yaşı ona görə qaldırılır ki, insanların ömür uzunluğu artıb, doğum əmsalı isə azalıb. Azərbaycanda isə əmək qabiliyyətli yaşda olan əhali ümumi əhalinin 60 faizindən yuxarıdır. Ölkədə təbii artım əmsalı azalsa da, orta Avropa göstəricisindən çox yuxarıdır.
 
Daha sonra müəllif Avropa Birliyi və MDB-də pensiya yaşı məsələsinə baxışları təqdim edir və müqayisə əsasında Azərbaycanla eyni statusda olan ölkələrdə belə pensiya yaşının Azərbaycandakı qədər yüksək olmadığını bildirir:
 
"Hökumət hesab edir ki, Azərbaycanda orta ömür uzandığı üçün 65 yaşdan pensiyaya çıxan qadın-kişilər rahatlıqla 12 il pensiya ala biləcəklər - yəni 77 yaşadək yaşayacaqlar. Rəsmi statistikaya görə, bizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az - 70 ildir".
 
Müəllif müstəqil ekspertlərə istinadən deyir ki, Azərbaycanda pensiya yaşının artırılması hakimiyyətin yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir.(contact.az)
 

Google+ WhatsApp ok.ru