Azərbaycanda yoxsullarla varlılar arasında fərq  nə qədərdir?

Azərbaycanda yoxsullarla varlılar arasında fərq nə qədərdir?

Ailələrin illik büdcəsinin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi 2017-ci il üçün ailələrin büdcəsi haqqında məlumatları açıqlayıb. Sənədə görə, Azərbaycanın çox kasıb və varlı vətəndaşları arasında fərq cəmi üç dəfədir.
 
Ötən il ən aşağı gəlir səviyyəsi olan ailələrin gəlirləri bir nəfərə ayda 160,4 manat (94 dollar) təşkil edib. Eyni zamanda, ölkədə yoxsulluq səviyyəsi 165 manat 70 qəpik qiymətləndirilir. Ailələrin 60%-nin aylıq gəlirləri ailənin hər bir üzvü üçün 190-275 manat arasında dəyişir. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin səkkizinci desilinin bir nəfərə düşən ayda gəliri 302,9 manat, doqquzuncu desilinin gəliri 346,8 manat olub. Ən varlı ailələrin ailə üzvü ayda 486,9 manat (286,4 dollar) qazanır.
 
Ümumiyyətlə, 2017-ci ildə Azərbaycanda bir nəfərə düşən gəlir orta hesabla 268,4 manat (157 dollar) təşkil edib. Bu, əvvəlki ilə nisbətən 4,1% çoxdur. Eyni zamanda, gəlirlərin üçdə biri muzdla işləyənlərin, 25,5%-i sahibkarlıq və özünü məşğulluğun, 13,3%-i pensiyaların, 11,2%-i natura şəklində sosial transferlərin, 8,6% %-i digər ailələrdən alınan gəlirlərin payına düşür.
 
Maraqlıdır ki, 2017-ci ildə bir nəfərə düşən xərclər (278,2 manat və ya 163 ABŞ dolları) aylıq gəlirlərdən 3,6% çox olub. Ailə xərcləri əsasən aşağıdakı kimi bölünüb: ərzaq 117,9 manat; tütün məmulatları 3,9 manat; paltar və ayaqqabıları 18 manat; içməli su, təbii qaz və s yanacaq 20,5 manat; ev ləvazimatı 24,4 manat; səhiyyə xidmətləri 13,1 manat, nəqliyyat 16,9 manat, rabitə 9 manat; istirahət və mədəniyyət 11,7 manat; təhsil 5,1 manat; otel, kafe və restoranlar - 23.4 manat, və s. (“Turan” İA)
 
İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə statistik rəqəmlərə şübhə ilə yanaşdığını və məlumatı bölüşmədiyini bildirib:
 
“Əslində, bu tipli rəqəmlər həmişə şübhə altına alınır, adi bir misal, Azərbaycanda rəsmi milyoner yoxdur. Qonşu Ermənistanda 3-4 nəfər var, Rusiyada 100-dən çox milyarder var. Ümumiyyətlə, varlı nə deməkdir anlayışı yoxdur. Yüksək gəlirli vətəndaşlarımız var, hansıki rəsmi gəlirdən söhbət gedir. İqtisadi inkişafa nail olan ölkələrdə varlılarla yoxsullar arasında fərq 3-4 dəfə ola bilər. Amma Azərbaycan kimi ölkələrdə varlı təbəqəni müəyyən etmək mümkün deyil. Elə şirkətlər var ki, yüzmilyon dollarlıq əməliyyatlar edir, aktivləri milyardlıq civarındadır, amma təsisçisi hansısa nazirin yaxınıdır. Yəni məmur sahibkarlığı hökm sürdüyündən belə rəqəmlər insanlarda təbəssüm yaradır. Ən əsası Azərbaycanda “kölgə iqtisadiyyatı” ÜDM-in 80 faizindən yuxarı olduğuna görə şəffaflıq yoxdur”.
 
Onun sözlərinə görə, yoxsul təbəqə ilə varlı təbəqə arasında bəlkə 10 dəfələrlə fərq var.(meydan.tv)

Google+ WhatsApp ok.ru