Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır

Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır

"Bizimyol.info"da "Rus bölməsinə marağın qarşısını almaq üçün Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif son ayların aktual məsələlərindən birinə çevrilən Azərbaycanda rus dilində təhsilə maraq və bu dildə təhsil alanların sayının artmasını təhsil sahəsində ekspert Kamran Əsədovla müzakirə edir.
 
"Son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb və buna görə də rus bölməsini ləğv etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlöhvlük olardı". K.Əsədov bu mövqeyi "bizimyol.info"ya açıqlamasında bildirir.
 
Ekspertə görə, bu, bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasıdır, belə ki, keyfiyyətli təhsil almaq istəyən ailələrin övladları bu təhsildən məhrum olacaqlar.
 
Digər tərəfdən isə K.Əsədov hesab edir ki, bu, daha ciddi sıxlığa gətirib çıxara bilər, belə ki, Azərbaycan bölmələrində kadr potensialı kifayət qədər deyil, siniflərin sayı azlıq təşkil edəcək.
 
K.Əsədov deyir ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır: "Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir".
 
Ekspert bildirir ki, ölkədə şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir, həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.
 
K.Əsədova görə, sıxlığın və rus bölməsində təhislin artmasına marağın qarşısını almağın yolu Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaqdan keçir: "Bundan sonra rus bölmələrinə qəbulu birbaşa yox, müsahibə mərhələsi tətbiq etməklə həyata keçirmək lazımdır. Yəni rus dilində bilik və bacarıqları olmayanları, anlayışı olmayanları qəbul etməməklə bu problemi aradan qaldırmaq olar".
 
Ekspert iddia edir ki, insanlar rus bölməsində həm də ona görə, təhsil almağa çalışır ki, keyfiyyətli təhsil almasa da, heç olmasa bir xarici dili bilsin, çünki Azərbaycan bölməsində xarici dillərin tədris vəziyyəti ürək açan deyil.
 
"Öncə Azərbaycan bölməsində təhsilin keyfiyyətini artırmaq lazımdır, ondan sonra ibtidai siniflərdə ancaq Azərbaycan bölməsi, yuxarı siniflərdə isə rus və digər bölmələr olsun. Yəni, əsas baza azərbaycan bölməsində başlasın", ekspert belə sxem təklif edir.
 
Ekspert belə əsaslandırma verir ki, ölkə ərazisində rus əsilli vətəndaşlar yaşadıqları üçün Azərbaycan rus dilində təhsildən imtina edə bilməz.
 

Google+ WhatsApp ok.ru