Azərbaycana sərt qış gəlir

Azərbaycana sərt qış gəlir

Noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraiti qeyri-sabit keçəcək, sulu qar, qar yağacaq
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən müsavat.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
 
Artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar. Bunu isə oxu.az-a Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.
 
Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək.
 
“Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, - deyə ekoloq bildirib.
 
Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır).
 
“Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq”, - deyə ekspert bildirib.
 
Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib: “110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərici 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”.
 
Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.
 
Qeyd edək ki, qanunvericiliyə görə, noyabrın 15-dən respublika ərazisində qış rejiminə keçid elan olunur. Bununla əlaqədar əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının da fəaliyyəti gücləndirilir, mənzillərə istilik verilməsinə başlanılır. Soyuqlar daha öncədən başladığı üçün vətəndaşlar da bu günü səbirsizliklə gözləyirlər. Belə ki, qış rejiminə keçidlə əlaqədar təbii qazın həcmi artır və təzyiq güclənir. Həmçinin istiliyin verilməsinə başlanılır.
 
Havaların soyuqlaşması Azərbaycanda ən çox qaz təchizatı ilə bağlı məsələni aktuallaşdırıb. Artıq bir neçə gündür sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması ilə bağlı müzakirələr başlanıb. Müzakirələrdən aydın olur ki, Sumqayıt və Xırdalan şəhərləri, Sumqayıt və Bakı ətrafındakı yaşayış məntəqələrindən narazılıq daha çoxdur. İnsanlar qazın təzyiqinin artırılması üçün qış rejiminə keçidin gözləndiyini, buna görə evlərdə qazın zəif yandığını bildirirlər. /Musavat.com/
 

Google+ WhatsApp ok.ru