Azərbaycan da bu borcları siləcəkmi?

Azərbaycan da bu borcları siləcəkmi?

"Cebhe-info"da isə "Banklara 5 min manata qədər olan borclar silinməlidir" - ekspert" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif Gürcüstanda 600 mindən yuxarı vətəndaşın banklara borclarının silinməsi qərarı verildiyini deyir, analoji vəziyyətin Azərbaycanda da yaşandığını, amma bu addımın atılmamasının səbəbini tanınımış iqtisadçı ekspert Qubad İbadoğlu ilə incələyir.
 
Q.İbadoğlu bu mənada Gürcüstanla Azərbaycanda tərs mütənasiblik yaşandığını bildirir: "Gürcüstan borcları silir, Azərbaycan isə vaxtı keçmiş kreditlərə görə əlavə faizlər hesablayır və cərirmələr kəsir".
 
Ekspert xatırladır ki, Gürcüstan hökuməti 600 mindən çox vətəndaşın banklar, on-layn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan 564 milyon dollaradək borclarının silinməsinə qərar verib.
 
Q.İbadoğlunun sözlərinə görə, Gürcüstanda bu qərar bu il dekabrın 15-dən 31-dək hakim partiyaya yaxın olan "Kartu" fondu tərəfindən icra olunacaq.
 
Ekspertin sözlərinə görə, Gürcüstanın belə bir qərar verməsi daxildəki siyası durumla əlaqəli olsa da belə, istənilən halda aşağı məbləğli borc vəsaitlərinin silinməsi praktikası baxımından Azərbaycan üçün də maraq kəsb edə bilər.
 
Q.İbadoğlu deyir ki, dəfələrlə təkliflər irəli sürülməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də vaxtı keçmiş borcların məhkəmələr vasitəsilə həllinə çalışır və mövcud problemin çözülməsi istiqamətində heç bir addım atmır: "Hesab edirəm ki, Azərbaycanda da məbləği 5000 min manata qədər olan borcların silinməsi hazırda getdikcə yoğunlayan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı".
 
Ekspert vurğulayır ki, rəsmi məlumatlara görə Azərbaycanda problemli kreditlərin həcmi 1,8 milyard manat sayılsa da, qeyri-rəsmi məlumatlara görə belə kreditlərin həcmi 3 milyard manatdan çoxdur.
 
Q.İbadoğlu bildirir ki, üstəlik bu məbləğ hər ay artır, odur ki, ilk növbədə hökumət bu borcların təsnifatını açıqlamalıdır.
 
Ekspertin fikrincə, saha sonra isə 5 min manata qədər olan hissə ayrıca təsnif olunaraq, silinməlidir.
 

Google+ WhatsApp ok.ru