Azərbaycan və İran Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi üzrə danışıqlar aparır

Azərbaycan və İran Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi üzrə danışıqlar aparır

Beynəlxalq rabitənin inkişaf etdirilməsi istiqamətində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycan bu sahədə danışıqlar aparırlar.
 
Maide.Az bildirir ki, bunu Trend-ə özəl olaraq İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.
 
Onun sözlərinə görə, bu magistral Çindən başlayır və Avropada bitir: "Bu layihə vasitəsilə İranın şimalı ilə Çin və Avropanın rabitə yolu birləşəcək. Hazırda Trans-Asiya-Avropa beynəlxalq kabel magistralı olsa da, ikinci magistral daha etibarlı yola çevrilə bilər. Təbii ki, bu yolun bir hissəsi Xəzər dənizindən keçəcək".
 
M.Cəhromi əlavə edib ki, birinci variantda İranın layihədə aktiv iştirak etməsi üçün dənizə alternativ olaraq bu rabitə magistralının quru hissədən keçməsi nəzərdə tutulur: "İkinci variantda isə bu xətt beynəlxalq tranzit yolunun təminatçısı ola bilər. Çalışırıq ki, bu istiqamətdə bir həll yolu tapaq və Azərbaycanla ikitərəfli əməkdaşlığımız davam etsin".
 
Qeyd edək ki, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasıdır. Bu layihə “rəqəmsal fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.
 

Google+ WhatsApp ok.ru