Azərbaycanda daha bir pullu yol çəkilir

Azərbaycanda daha bir pullu yol çəkilir

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinə alternativ olan yeni avtomobil yolunun çəkilişi davam etdirilir.
 
Maide.Az bildirir ki, bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli məlumat verib.
 
Xəzər sahilindən keçən 4 hərəkət zolaqlı yol...
 
A.Nəcəflinin sözlərinə görə, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək:
 
“M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayır, uzunluğu 92 kilometrdir. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
 
Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir”.
 
Şöbə müdirinin sözlərinə görə, yolun 2021-ci ilədək istifadəyə verilməsi və ödənişli olması nəzərdə tutulub. A.Nəcəfli tikinti işlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparıldığını vurğulayıb. 
 

Google+ WhatsApp ok.ru