Azərbaycan İslam Partiyası ölkə xanımlarını təbrik etdi

Azərbaycan İslam Partiyası ölkə xanımlarını təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev partiya adından Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud günü ilə əlaqədar ölkə xanımlarını təbrik edib.
 
Təbrikdə deyilir: “Həzrət Rəsulullahın (s) qızı, Həzrət Əlinin həyat yoldaşı, imamlar anası Xanım Fatimeyi-Zəhranın (s.ə) dünyaya gəlişi günü İslam aləminin və bəşər tarixinin ən əlamətdar sayılan günlərindən biri, dünya müsəlman qadınlarının böyük şövqlə qeyd etdiyi Xanımlar bayramı günüdür.
 
Əziz analar, bacılar, hörmətli xanımlar, bu mübarək gün və əlamətdar Xanımlar bayramı münasibətilə sizləri səmimi qəlbdən təbrik edir, şəxsi həyatınıza və ailələrinizə O Həzrətin bərəkətli nurundan şəfaət diləyirik. Besətin beşinci ili, cəmadius-sani ayının 20-si İslam tarixində ilk növbədə onunla əlamətdardır ki, bu gündə dünyaya göz açacaq bir körpənin dünya və axirət xanımlarının seyyidəsi, kamil övladlıq, qadınlıq, analıq və xanımlıq təcəssümü və nümunəsi olacağı xəbəri ilə Allah Təala Rəsuli-Əkrəmi (s) qabaqcadan müjdələmiş və bu münasibətlə də Qurani –Kərimin “Kövsər” surəsini nazil etmiş, “Biz sənə kövsər göndərdik”-deyə, Xanım Fatimənin dəyərini bildirmişdir. Dünyaya gələndən sonra həqiqətən Xanım Fatimə(s.ə) həyatı boyu özünün vücud, davranış, əməl və münasibətləri ilə aləmlərə göstərdi ki, O, ilk növbədə gözəl övlad, nəzakətli, iffətli, ismətli qız, sədaqətdə, ləyaqətdə və dəyanətdə tayı-bərabəri olmayan həyat yoldaşı, qayğıkeş, mehriban, bəşəriyyətin və İslamın xilası və nicatı səviyyəsinə qalxan övlad irsinə malik xoşbəxt ana və hər kəsə kamil bir nümunə olacaq cazibəyə malik müqəddəs qadındır.
 
Əziz ana və bacılar, hörmətli xanımlar. Bu gün dünyamızda və döğma Vətənimizdə, mənsub olduğumuz cəmiyyətdə baş verən hadisələr, xüsusən gənc nəsil və cavanlarımızın həyatında ürək dağlayan acı nümunələr, qloballaşan və gündən-günə kütləviləşən ailə, məişət problemləri hesab edirik ki, kökümüzdən, Xanım Fatimeyi-Zəhra (s.ə) kimi müqəddəs, pak və kamil insani nümunələrimizdən uzaq düşməyimizin nəticəsidir. Yeni ailə quran övladlarımızın bəlkə də demək olar ki, yarısında ailə yuvasının müxtəlif səbəblər bəhanə olaraq dağıdılmasının əsas səbəbi mənəvi aşınmalar, cəmiyyətimizə, əsasən də gənclərimizə yad psixoloji təsir amillərinin qarşısının alınmamasıdır. Məhz cəmiyyətimizi uçuruma aparan bu neqativlikləri bizlər Allahın və İslamın bizlərə bəxş etdiyi Həzrət Əli (ə.s) və Xanım Fatimə (s.ə) kimi kamil nümunələrin həyat, davranış və ailə münasibətlərini dərindən öyrənmək və təlqin etməklə aradan qaldırmaq mümkündür. Bundan ötrü isə ilk növbədə cəmiyyətimizin sağlam gələcəyini, ailə müqəddəsliyini qorumaq naminə bu mübarək bayram günlərini ümumxalq, ümumdövlət səviyyəsinə qaldıraraq rəsmi qeyd edilməsini zərurətdən doğan mühüm amil hesab edirik. Biz bütün xalqımıza, xüsusən xanımlara pak Xanım Fatiməyə (s.ə) xas kamil nümunələrə sahib olmağı, bu nümunələrdən bəhrələnməyi arzulayır, Allahdan hər kəsə bu İlahi payın fəzilətindən özünə, ailəsinə xeyir aparmağı nəsib etməsini diləyirik.
 
Sizləri bir daha bu mübarək və əlamətdar mövlud bayramı münasibətilə təbrik edirik. Bayramınız mübarək olsun!”
 

Google+ WhatsApp ok.ru