Azərbaycan ordusunun aprel qələbəsindən 3 il ötür

Azərbaycan ordusunun aprel qələbəsindən 3 il ötür

Bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür.
 
Maide.Az xəbər verir ki, Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.
 
Belə ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
 
Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
 
 

Google+ WhatsApp ok.ru