Azərbaycan-Ermənistan sərhədində istinad divarı çəkilir

Azərbaycan-Ermənistan sərhədində istinad divarı çəkilir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.

Maidr.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, son üç ildə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də kənd sakinlərinin müraciəti əsasında Məzəm kəndində müdafiə hasarlarının çəkilməsinə başlanıb. Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.

Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi doğma yurdunun müdafiəsi uğrunda canından keçib. Onlardan biri - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub.

Google+ WhatsApp ok.ru