Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib - Həyəcan təbili

Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib - Həyəcan təbili

"Son zamanlar mediada Azərbaycanda uşaq bağçalarına tərəfimizdən hər birinə 1500 manat olmaqla cərimələr tətbiq olunması haqda məlumatlar yer alıb. Bəli, uşaq bağçalarında bizim tərəfdən monitorinqlər aparılması xəbəri düzgündür".
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
 
Q.Təhməzli respublika ərazisində 1600 uşaq bağçasının fəaliyyət göstərdiyini, qurum tərəfindən seçim yolu ilə 400 belə bağçada monitorinq aparılmasının planlaşdırıldığını vurğulayıb: "Məqsəd böyüməkdə olan nəsli sağlam qida ilə təmin etməkdir. Artıq Səhiyyə Nazirliyi tərəfindən qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, bu sənəd təsdiqini tapacaq. Sənəd təsdiqləndikdən sonra onun bağçalarda tətbiqinə başlanılacaq".
 
"Azərbaycanın bütün regionlarında bağçalara eyni qidanın verilməsi düzgün deyil. Çünki bəzi regionlarda yod çatışmazlığı, bəzilərində isə dəmir çatışmazlığı var. Dəmir çatışmazlığı əsasən qız uşaqlarında müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib", - deyə agentliyin sədri əlavə edib.

Google+ WhatsApp ok.ru