Azərbaycanda insanları ölümə aparan ‘fast food’ PROBLEMİ

Azərbaycanda insanları ölümə aparan ‘fast food’ PROBLEMİ

Almaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb. Azərbaycan həmin sırada ilk onluqdadır.
 
Həmçinin, tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə, kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.
 
Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı isə müzakirə mövzusudur. “Fast food” qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir.
 
“Fast food” adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. 
 
Qeyri-sağlam qidalanma səbəbi ilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.
 
Özbəkistan – hər 100 minə 394 ölüm halı
 
Türkmənistan – 376
 
Qırğızıstan – 350
 
Ukrayna – 349
 
Moldova – 328
 
Azərbaycan – 319
 
Belarus – 313
 
Tacikistan – 310
 
Qazaxıstan – 306
 
Rusiya – 291
 
Azərbaycanda hazırda “Fast Food” istehlakı hansı vəziyyətdədir?
 
Bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlama verib:
 
“Dünyada bu ən əsas problemlərdən biridir. Hər 3 ildən bir Azad İstehlakçılar Birliyi Beynəlxalq İsteklakçı Təşkilatının üzvü olaraq müxtəlif dünya ölkələri toplaşırıq və dünyanın bu problemlərini müzakirə edirik. Lakin  nə etmək olar?! Bazar iqtisadiyyatı insan amilini arxada qoyur. Mən hazırda çox məşhur bir alimin kitabını oxuyuram. Məlum olub ki, qeyri-sağlam qidalanma səbəbi ilə ölənlərin sayı terrorçuların öldürdüyü insan sayısını qat-qat üstələyir. Yəni bazar iqtisadiyyatı şəraitində nə olursa-olsun istehlakçıdan pul qoparmaq əsas məsələdir. Azərbaycan da artıq dünya ölkələrindən geri qalmır. Artıq McDonalds, KFC kimi məşhur brendlər də Azərbaycana gəlib və “işlərini görürlər”. Paralel olaraq Türkiyənin dönərxanaları da “Fast Food” olaraq bazara girməyi bacarıb”.
 
Eyyub Hüseynov dönərxanaların həll olunmamış problem kimi qaldığını vurğuladı.
 
“Ölkədə dönərləri qanuni hazırlayan, onu sok-dondurmadan keçirib dönərxanalara çatdıran 2 şirkət var. “AzProtein Food’s Group” və “Halal nemət, 1000 Bərəkət” şirkəti. Onlar təhlükəsiz şəkildə dönərləri hazırlayıb dönərxanalara çatdırır, məhz buna görə də dövlət onları müdafiə edir. Lakin Azərbaycanda olan 15 min dönərxanadan heç 1%-i də onlardan istifadə etmir. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə diqqət yetirməli və dönərxanalar qida reysterinə daxil olmalıdır”. /modern.az/
 

Google+ WhatsApp ok.ru