Azərbaycanda məktəblilərin 7 faizi siqaret çəkir

Azərbaycanda məktəblilərin 7 faizi siqaret çəkir

Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli tədqiqatlar erkən yaşları əhatə etməlidir.
 
Bunu ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda tütündən istifadənin səviyyəsi hələ də yüksəkdir, amma buna baxmayaraq ÜST-ün məlumatlarına əsasən, ölkədə tütünçəkmə səviyyəsində azalma müşahidə edilir.
 
T.Musayev qeyd edib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır:
 
"Təəsüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün bu faktlar ictimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin tələblərinin diqqətlə yerinə yetirilməsini tələb edir".
 
T.Musayev əlavə edib ki, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir.
 
Mərkəz nümayəndəsinin sözlərinə görə, hazırda Avropa regionunda tütünçəkmə ən yüksək səviyyədədir. Bəzi ölkələrdə yeniyetmələrin tütünçəkmə göstəriciləri böyüklərin analoji göstəriciləri ilə eynidir. /Trend
 

Google+ WhatsApp ok.ru