Azərbaycanda xüsusi karantin rejimi 4 may saat 00:00-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi 4 may saat 00:00-dək uzadılıb

Azərbaycanda karantin rejiminin müddəti mayın 4-nə qədər uzadılır.

 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 18-də yaydığı məlumatda qeyd olunub.
 
Bildirilib ki, xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülən test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.
 
Mənbə qeyd edib ki, sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.
 
Məlumatda xatırlanıb ki, 19 martda yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanıb.
 
“Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixdən bugünədək 1373 nəfər bu xəstəliyə tutulub, 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər ölüb. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb”.

Google+ WhatsApp ok.ru