Azərbaycan XİN Laçının işğalının ildönümü haqda

Azərbaycan XİN Laçının işğalının ildönümü haqda

Mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 28 ili tamam olur. İşğal nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min 700 Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün şəraitində yaşayır. Bu barədə Azərbaycan XİN-in bazar ertəsi yaydığı bəyanatda deyilir.


İşğal zamanı məbəd, məscid, muzey və mavzoley daxil olmaqla çoxsaylı yerli və dünya əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.


“Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir”, - bəyanatda deyilir.


Ermənistan işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa davam edir.


“Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz”, - sənəddə vurğulanır.

Google+ WhatsApp ok.ru