Azərbaycanda ictimai yerlərdə maska taxılmamasına görə cərimə tətbiq edilib

Azərbaycanda ictimai yerlərdə maska taxılmamasına görə cərimə tətbiq edilib

Azərbaycanda karantin rejimi dövründə müəyyən edilmiş yerlərdə nəfəs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməməsinə görə cərimə ölçüləri müəyyən edilib. Milli Məclis bu gün İnzibati Xətalar Məcəlləsinə müvafiq düzəlişlər edib.
 
Tələbləri pozanlara qarşı fiziki şəxslərə 50 manat (təxminən 30 dollar), vəzifəli şəxslərə 100 manat (təxminən 60 dollar), hüquqi şəxslərə 200 manat (təxminən 120 dollar) ölçüsündə cərimə tətbiq ediləcək. Təkrar pozuntuya görə cərimə ölçüsü ikiqat artacaq.
 
Mayın 29-da hökumət sərnişin daşımaları həyata keçirən nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət müəssisələrində və vətəndaşların qəbulu və onlara xidmət həyata keçirilən digər müəssisələrdə maskadan istifadə haqqında qərar qəbul edib.
 
Həmçinin, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, eləcə də insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda maskadan istifadə olunmalıdır. /contact.az /

Google+ WhatsApp ok.ru