Azərbaycanda  bir neçə kənd susuz qalıb

Azərbaycanda bir neçə kənd susuz qalıb

"Marja.az"da "Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışıb, kəndlər susuz qalıb" sərlövhəli məqalədə müəllif Neftçala rayonunda su problemi yaranmasını şərh edir.
 
"Əhalinin içməli su problemi yaranıb, əkin sahələrinin suvarılması dayandırılıb. Mal-qaranın suvarılmasında da ciddi problemlər yaranıb", deyə müəllif əlavə edir.
 
Müəllifin sözlərinə görə, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb, nəticədə Neftçala şəhəri də daxil olmaqla, Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndlərində içməli su problemi yaranıb. 
 
Müəllif deyir ki, rayonda məsələnin həllilə bağlı qərargah yaradılıb, əraziyə "Azərsu" ASC-nin 10-a yaxın xüsusi təyinatlı su maşını cəlb edilib.
 
Həmin maşınlar vasitəsilə şəhər, eləcə də sözügedən kənd əhalisinə içməli su verilir.
 
Məqalədə vurğulanır ki, Kür çayının suyu dəniz suyu qarışdığına görə şorlaşdığından əkin sahələrinin suvarılması dayandırılıb, elə mal-qaranın suvarılmasında da ciddi problemlər yaranıb.
 
Yazıda deyilir ki, hələlik Kürün aşağı axınında yaranmış vəziyyət nəzarətə götürülsə də, gərginlik davam edir və Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırılmasa, mövcud vəziyyət qısa müddətdə aradan qaldırılmayacaq. 
 

Google+ WhatsApp ok.ru