Azərbaycanlı tələbələr Ukraynadan qayıda bilmirlər

Azərbaycanlı tələbələr Ukraynadan qayıda bilmirlər

Ukraynada təhsil alan Azərbaycanlı tələbələr 4 aydır hava əlaqələri dayandırıldığına görə Vətənə qayıda bilmirlər.
 
“Pulumuz qurtarıb, kirayə pulunu verə bilmirik və küçədə qalmaq təhlükəsi ilə üz-üzəyik. Diasporamız bir neçə dəfə bizə kömək edib, amma bu, yalnız ərzaq almağa kifayət edir”, deyə tələbələrdən biri Turan-a bildirib.
 
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vəziyyəti Turan agentliyinə şərh edərkən qeyd edib ki, hökumət vətəndaşların qaytarılması üçün tədbirlər görür.
 
“Qonşu ölkələrdən geri qaytarma davam edir. Sırağagün Rusiyadan daha 250 nəfər quru yolu vasitəsilə keçirilib. Türkiyə timsalında xüsusi reyslər açılıb. İyulun 1-dən etibarən həm AZAL, həm Türkiyə Hava Yolları vasitəsilə həftədə dörd dəfə uçuşlar həyata keçirilir. Digər ölkələrdə olan Azərbaycan vətəndaşları Türkiyə reyslərindən tranzit kimi istifadə edə bilərlər. Digər təxliyələrlə bağlı isə nə zaman məlumat olur, onlar nə zaman reallaşdırılır, biz bu barədə ictimayyəti məlumatlandırırıq. Təbii ki, bu gün digər ölkələrdə qalan vətəndaşlarımız hələ də var və onların müxtəlif yollarla, o cümlədən digər ölkələrin ərazisindən tranzitdən istifadə etməklə geri qaytarılması yolları nəzərdən keçirilir", deyə Abdullayeva qeyd edib.
 
Onun sözlərinə görə, Türkiyə və Ukrayna arasında uçuş xətti açıqdırsa Ukraynada olan tələbələr Türkiyə ərazisindən tranzit olaraq istifadə etməklə bilet alıb ölkəyə qayıda bilərlər.  

Google+ WhatsApp ok.ru