Azərbaycan, Əfqanıstan və Türkmənistan TIR parklarının yaradılmasını nəzərdən keçirir

Azərbaycan, Əfqanıstan və Türkmənistan TIR parklarının yaradılmasını nəzərdən keçirir

Xəbər verildiyi kimi, bu ilin 27 iyul tarixində Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş keçirilmişdir.

 
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin görüşün davamı olaraq sentyabrın 14-də Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistanın alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.
 
Üç ölkənin ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, həmçinin gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Respublikası tərəfindən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Əfqanıstan İslam Respublikası tərəfindən Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat, Türkmənistan tərəfindən Dövlət Gömrük Xidmətinin sədr müavini Muhammed Muhammedov, eləcə də hər üç ölkənin gömrük xidmətinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
 
İclasda yol xəritəsi ilə bağlı gömrük infrastrukturunun təkmilləşdirilməsi, insan müdaxiləsini azaltmaqla gömrük əməliyyatlarının sürətləndirilməsi, gömrük xidmətinin ən son texnologiyalar ilə təmin edilməsi, üç ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsinin aparılması, quru limanlarının layihələndirilməsi və modernləşdirilməsi, həmçinin TIR parklarının yaradılması ilə bağlı təkliflər irəli sürülüb.
 
Görüş zamanı yol xəritəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və növbəti görüşdə müzakirə olunacaq məsələlər barədə razılıq əldə olunub.

Google+ WhatsApp ok.ru