Sosial tələbə krediti alacaq kateqroiyalar müəyyənləşib

Sosial tələbə krediti alacaq kateqroiyalar müəyyənləşib

Tələbə təhsil kreditlərinə tətbiq olunacaq güzəştlər açıqlanıb

Tələbə Təhsil Kreditlərinin (TTK) iki növü olacaq.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsadiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb.
 
Qaydaya əsasən, bura sosial və standart növlər daxildir.
 
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
 
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
 
- 3-cü dərəcə əlilliyi olanlar;
 
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
 
- 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
 
- işsiz kimi qeydiyyatda olanlar;
 
- yaşa görə əmək pensiyası alanlar;
 
- yaşa görə sosial müavinət alanlar.
 
Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi barədə müraciət edildiyi gün tələbə göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr (yarımil) üçün sosial TTK almaq hüququna malikdir.
 
Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər:
 
- birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
 
- illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
 
- Standart TTK almaq hüququ müraciət tarixinə göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur.
 
- TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir.
 
- TTK göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
 
- TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.
 
Tələbə təhsil kreditlərinə tətbiq olunacaq güzəştlər açıqlanıb
 
Tələbə Təhsil Kreditinin (TTK) verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər açıqlanıb.
 
Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:
 
- TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;
- TTK-nin təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün verilməsi;
- TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;
- TTK üçün girov və zaminliyin tələb olunmaması;
- TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;
- təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;
- borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanması;
- TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına manatla verilməsi.
 
Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:
 
- Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
 
- təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.
 
Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir:
 
- ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
 
- təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.
 
 

Google+ WhatsApp ok.ru