Azadlıq qəzetinin maliyyə direktoru şərti azadlığa buraxılıb

Azadlıq qəzetinin maliyyə direktoru şərti azadlığa buraxılıb

"Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli sentyabrın 15-də Bakı Apellyasiya məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.
 
O, verilmiş cəzanın 2 il 3 ayını şərti azadlıqda keçirəcək.
 
"Sevincimin həddi-hüdudu yoxdur", yenicə şərti azadlığa çıxmış Faiq Əmirli BBC Azərbaycancaya deyib.
 
Faiq Əmirli Səbail rayon məhkəməsinin qərarilə 3 il 3 ay müddətinə həbs edilmişdi. Əmirliyə "Gülençiliklə" bağlı ittihamla əlaqədar 3 il, "vergidən yayınma" ilə əlaqədar maddə görə isə 3 ay həbs cəzası verilmişdi. Faiq Əmirli bu ittihamları rədd edib.
 
Faiq Əmirli deyir ki, o nə həbsini gözləyirdi, nə azadlığa buraxılacağını: "İnanmırdım ki, Appelyasiya məhkəməsi məni azadlığa buraxsın. Ədalət qələbə çaldı".
 
1 il 20 gün həbsxanada qaldığını deyən Faiq Əmirlinin sözlərinə görə, yalnız azyaşlı qızları üçün darıxıb:
 
"Siyasətçi üçün belə həbslər gözlənəndir, sadəcə, qızlarım üçün darıxırdım".
 
Gələcək planlarından danışan Faiq Əmirli hələlik səhhəti ilə bağlı müalicə alacağını, sonra siyasi fəaliyyətini bərpa edəcəyini deyir.
 
F. Əmirli 2016-cı il avqustun 20-də saxlanıb.
 
O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir.
 
F. Əmirli isə ittihamları saxta hesab edir.
 

Google+ WhatsApp ok.ru