AZAL-dan noutbuk, fotoaparat və telefonlarla bağlı açıqlama

Aprelin 1-dən etibarən bütün dünyada təyyarələrdə mobil telefon və noutbuk akkumulyatorlarının daşınması qadağan olunacaq.
 
ANS PRESS-in məlumatına görə,  bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qərar qəbul edib. ICAO ekspertləri noutbuk, smartfon və fotokameralarda istifadə olunan standart batareyaları yanğın təhlükəli hesab etdiyindən onların hava gəmisinin göyərtəsinə aparılmasını yasaqlayıb. Söhbət litium-ion akkumulyatorlarından gedir. Qadağaya səbəb bu maddənin yanğın riskinin yüksək olmasıdır. Litium-ion akkumulyatorlarının aviadaşınmasına qadağa bu akkumulyatorlar üçün yanğınadavamlı qablaşdırma istehsal olunanadək qüvvədə olacaq.
 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də ANS PRESS-ə açıqlamasında “Azərbaycan Hava Yolları” sərnişin aviasiya şirkəti tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə litium-ion batareyaların (UN 3480 saylı), həmçinin litium metal batareyaların daşınmasına qadağa qoyulduğunu deyib. "Qadağa şirkətimizdə keçirilən risk dəyərləndirməsinin nəticəsi olaraq İCAO-nun qərarından bir qədər əvvəl tətbiq olunub. Amma İCAO-nun qərarı mobil cihazların (diz üstü noutbuk, telefon, planşet və s.) tərkibində olan batareyalara (UN 3481 saylı) şamil edilmədiyinə görə bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcək”, - deyə qurum rəsmisi bildirib.
 
Onun sözlərinə görə, İCAO-nun rəsmi qərarına və İATA-nın təklifinə əsasən məhdudiyyət yalnız yük şəklində göndərilən və şarjı 30%-dən artıq olan litium-ion batareyalara aiddir.
 
“Nəzərinizə çatdırmaq istərdik ki, yüksək alışma təhlükəsinə görə son zamanlar populyar olan iki təkərli özünü balanslaşdıran segvey və skuterlərin sərnişinlərin əl yükündə və qeydiyyatdan keçmiş baqajlarında daşınması da şirkətimiz tərəfindən qadağan edilib”, - deyə Paşa Kəsəmənski əlavə edib.
 
Qadağan olunmuş litium-ion akkumulyatorları fotoaparat, noutbuklar, smartfonlar və digər elektron əşyaların akkumulyatorlarının istehsalında istifadə olunur. İlk nəsil Li-ion batareyaları partlayıcı təsirə məruz qalıb. Belə ki, temperatur 0 dərəcədən aşağı düşərsə, bu akkumulyatorların gücü də 40-50% zəifləyir. Bu problemi aradan qaldırmaq üçün yeni istiliyi özündə saxlayan və kənar təsirlərə məruz qalmayan cihazlar hazırlanır./
 

 

Google+ WhatsApp ok.ru