AZAL tənqidlərdən nəticə çıxartdı, amma necə..?

Manatın ucuzlaşmasından sonra bilet qiymətlərini kəskin artırdığı üçün tənqidlərə məruz qalan “Azərbaycan Hava Yolları” (AZAL) aprelin 16-dan etibarən bir sıra istiqamətlər üzrə qiymət endiriminə başlayıb.
 
Endirim kompaniyası çərçivəsində Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətlərindəki uçuşlarda gediş və dönüş reyslərinə xüsusi 20 faiz güzəşt tətbiq edilir. Kompaniyanın şərtlərinə görə, uçuş vaxtları kimi 16.04.2015 - 01.07.2015 tarixləri müəyyən olunub.
 
Aprelin 20-də isə AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi aksiya elan edilib.
 
AZAL-dan verilən məlumata görə, indi Bakıdan İstanbula (Sabiha Gökçen hava limanı) və geri Bakıya biletin qiyməti cəmi 225 avro təşkil edir. Aksiya mayın 24-dək davam edəcək. Bu aksiyadan öncə Bakı-İstanbul-Bakı marşrutu üzrə biletin qiyməti 330 manat idi.
 
“Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytında da qiymətlərlə maraqlandıq. Belə ki, qeyd olunan istiqmətlər üzrə Bakı-Paris-Bakı reysi 516 AZN, Bakı-Barselona-Bakı 746 AZN, Bakı-Dubay-Bakı 404 AZN, Bakı-Berlin-Bakı 746 AZN, Bakı-Roma-Bakı 498 AZN təşkil edir.
 
Bakı-İstanbul-Bakı reysinin qiyməti isə 320 manat və daha artıqdır.
 
Onu da bildirək ki, son zamanlar AZAL-ın qiymətlərindəki artım ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilmişdi. Həyata keçirilən bu aksiyalar göstərir ki, AZAL tənqidlərdən nəticə çıxarıb.
 
Eskpertlərin fikrincə, bu addımlar AZAL-ın itirilmiş nüfuzunu bərpa edə, ictimaiyyətdə müsbət rəy formalaşdıra bilər.
 
İqtisadçı ekspert Natiq Cəfərli də musavat.com-a açıqlamasında bu addımı ümumilikdə müsbət qiymətləndirdiyini bildirdi: “Əslində, AZAL-ın belə bir addım atması müsbət haldır. Deməli, ictimai qınaq öz təsirini göstərdi. Təbii ki, AZAL öz gəlirli reyslərinin hansılar olduğunu, hansı istiqamətdə axının çox olduğunu yaxşı bilir. Endirim elan etsə də, etməsə də Bakıdan İstanbula və ya Moskvaya uçanlarının sayının həmişə çox olacağı aydındır. Ona görə də, AZAL endirim edərkən daha az tələbat olan istiqamətləri əsas götürür. Həm də bu addımla ictimaiyyət qarşısında tənqiddən nəticə çıxaran, endirimə gedən bir kompaniya imici formalaşdırmağa çalışır. Ancaq bu, məsələnin köklü həlli deyil. Bir neçə istiqamətə qısa müddətli endirim edilməsi problemi həll etmək deyil. Məsələnin köklü həlli bazara rəqib oyunçuların daxil olmasıdır. AZAL-a rəqib aviaşirkətlər də bazara daxil olmalıdır ki, rəqabətli mühitdə qiymətləri endirməyə məcbur olsun. Nə qədər ki, AZAL ölkə aviabazarında monopolistdir, bu şirkətdən ciddi qiymət endirimləri gözləmək əbəsdir”.
 
Endirimdə olan biletlərin qısa zamanda yoxa çıxmasına gəlincə, ekspert bildirdi ki, belə gedişlər tez-tez müşahidə olunur: “Bəzi ölkələrdə də bu praktikadan istifadə olunur. Endirim kompaniyası elan olunur, diqqət bu reyslərə cəmlənir, bir neçə bilet satıldıqdan sonra kompaniyaya aid biletlərin satışdan çəkildiyini, digər dilerlərdə biletlərin peyda olmasının şahidi oluruq. İndi də bu cür addımların atılması mümkündür. Bu endirimlərlə AZAL müsbət bir imic formalaşdıracaq, ancaq reallıqda nələrin baş verdiyini bilet almaq istəyən insanlar biləcək. İstənilən halda, bu aksiyanın effektini yalnız AZAL görəcək. Vətəndaşların ucuz biletlərə çıxış imkanları çox təəssüf ki, yenə də məhdud olaraq, qalacaq”.
 
Adının çəkilməsini istəməyən turizm işçisi isə bildirdi ki, kompaniyanın müddəti davam etsə də, artıq ucuz biletlər yoxdur: “Üç-beş biletə endirim oldu, bu da bitdi. Bakı-İstanbul-Bakı reysini 250 manata endirmişdilər. Lakin hazırda bircə dənə də bilet yoxdur. Ən ucuz bilet 327 manatdır. Bir təyyarədə 10 yerə endirim şamil olunur, o da bir günə satılır. Avropa şəhərlərinə uçuş qiymətlərinə də endirim edilib. Lakin biletlər çox azdır, endirim də qeyd edildiyi kimi, 20 faiz deyil, 30-40 manatdır. “Türkiyə Hava Yolları” kimi endirim etmək lazımdır. Bakı-İstanbul-Bakı reysi birdən-birə100 manata endirildi, başqa şəhərlərə gediş-dönüş 150-180 manat təşkil edirdi, insanlar da məmnun qalırdı. Biletlər baha olduğu üçün xaricə dincəlməyə gedənlər də yoxdur”. musavat/ 

Google+ WhatsApp ok.ru