AzTV-da nə baş verir?

İbrahim Məmmədovun verilişinin heyəti dəyişdirilib, proqramı isə başqası aparır

Son günlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır.
 
Bir müddət əvvəl də sədr Arif Alışanovla müavini Ibrahim Məmmədov arasındakı narazılıqlar, hətta sədrin I.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Arif Alışanovun I.Məmmədovu da işdən azad edə bilməməsinə səbəb aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir. Yəni, prezidentin sərəncamı ilə təyin olunan I.Məmmədovu A.Alışanovun işdən çıxarmağa səlahiyyəti çatmır. AzTV-dəki mənbədən aznews.az-a daxil olan məlumata görə, I.Məmmədov xeyli müddətdir ki, işə gəlmir. Onun aparıcısı olduğu “Həftə” verilişinin də iki həftə efirə verilməməsi Ibrahim Məmmədovun işdən çıxarılması ilə bağlı şübhələri artırıb. Lakin iki həftədən sonra “Həftə” dünən (16 avqust) efirə verilib. Maraqlı məqam isə odur ki, verilişi Ibrahim Məmmədov deyil, AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparıb.
 
Məsələ ilə bağlı Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bunları deyib: “İbrahim Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq R.Raqifoğlu aparır”.
 
Telekanal sözçüsü verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandığı üçün efirdən yığışdırılmışdı. Xatirə Qasımova “Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: “Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. ”Həftə" proqramına tam yeni heyət cəlb olunub".
 
İbrahim Məmmədov isə hazırda məzuniyyətdə olduğunu bildirib.
 
O, “Qafqazinfo”ya açıqlamasında isə bildirib ki, sədrin müavini postuna ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təyin edilib: “Mənim vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.
 
Bəzi məlumatlara görə, AzTV-də baş verənlər dövlət televiziyasına nəzarət uğrunda qruplarası savaşın təzahürüdür. Maraqlıdır ki, Ibrahim Məmmədova AzTV-də qadağa qoyulduğu barədə məlumatların yayıldığı ərəfədə onun “Azərbaycan” qəzetində geniş məqaləsi dərc olunur. Məlumat üçün deyək ki, bu qəzet Milli Məclisin orqanı olsa da, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir.

Google+ WhatsApp ok.ru