Azərbaycan Dəmir Yolları  təkcə `Şanxay məhəlləsi`ni köçürmür

Azərbaycan Dəmir Yolları təkcə `Şanxay məhəlləsi`ni köçürmür

Bakıdakı “Şanxay” adlanan ərazinin sakinləri qiymətləndirmədən narazı olsalar da, «Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyəti qiymətləndirmə şirkəti ilə artıq razılıq əldə edib.
 
ADY ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzadlıqRadiosu-na deyib ki, söküntü işləri Keşlə stansiyasının 2-ci blok postundan Böyük Şor stansiyasına qədər uzunluğu 1 km olan ərazini əhatə edir. Bundan başqa, 2-ci blok postdan Yeni Bakı Neftayırma Zavoduna gedən, uzunluğu 0,835 km olan dəmiryolu xətlərinin mühafizə zolağına düşən tikililərin də köçürülməsi gündəmdədir.
 
Buna da bax:​ 'Şanxay' sakinləri: 'Polislə gəliblər, xof yaradırlar, bizsə çıxmaq fikrində deyilik'
 
Bu ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin qiymətləndirilməsi məqsədilə «Vahid Qiymətləndirmə Şirkəti» MMC ilə müqavilə bağlanıb. Müqavilənin dəyəri 118 min 750 min manatdır. Sökülməsi planlaşdırılan obyektlərin sayı haqda məlumat verilmir.
 
2015-ci ildə elan olunmuşdu ki, dəmir yolunun mühafizə zolağında 2 min 840 qanunsuz tikili var. Bunun 2 min 300-dən çoxu yaşayış evləridir. Mühafizə zolağına düşən obyektlərin təxminən 900-nün sökülməsi haqda təqdimat Nazirlər Kabinetinə 2 il öncə təqdim olunub. Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmiryolu mühafizə zolağında yerləşən tikililərlə dəmiryolu xətti arasında, azı, 20 metr məsafə olmalıdır.
 

Google+ WhatsApp ok.ru