Azərbaycan uşaqlarının problemləri

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
 
Maide.Az Publika.az -a istinadən bildirir ki, yarım əsrdən çoxdur ki, uşaqların hüquqlarının müdafiəsi sahəsində işlər görülür, lakin dünyada uşaq problemlərinə hər il yeniləri əlavə edilir.
 
Dövlət Statistika Komitəsinin 2015-ci ilin rəqəmlərinə əsasən, Azərbaycanda 0-17 yaş arası uşaqların sayı 25628-dir, onların, 11941-i qız, 13687-i oğlandır.
 
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən ilin 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, bunlardan 133-ü zorakılıqla bağlı olub. Yetkinlik yaşına çatmayanlara qarşı cinayət məsuliyyəti müəyyən edilmiş şəxslərin sayı 437 olub. Onlardan 368-i məsuliyyətə cəlb olunub. 2015-ci ilin 9 ayı ərzində azyaşlılara qarşı seksual xaraketrli 29 zorakılıq hərəkətləri müəyyənləşib. Eyni zamanda həmin dövrdə azyaşlılara qarşı 7 əxlaqsız hərəkətlər olub. Ötən il uşaqları fahişəliyə və əxlaqsız əməllərə cəlbetmə faktı qeydə alınmayıb. Polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb.
 
Ötən il müəyyən olunmuş 63 insan alveri qurbanının 11-i erkən nikaha daxil olanlardır. 2014-cü ildə 479 qız, 2 oğlan erkən  nikaha daxil olub. 3296  uşaq isə 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.
 
Bunlar bəlli olan statistik rəqəmlərdir. Bizə məlum olmayan yüzlərlə uşaq hələ də istismara məruz qalır.
 
Azərbaycan uşaqlarının əsas problemləri
 
“Ümidli Gələcək” təşkilatının icraçı direktoru Kəmalə Aşumovanın Publika.az-a açıqlamasında bildirib ki, uşaqların hansı hüquqlarının pozulamsına dair konkret statistika yoxdur: “Bizim təşkilatımıza edilən müraciətləri nəzərə alaraq deyə bilərik ki, sosial təhlükəli vəziyyətdə yaşayan uşaqların sayı çoxdur. Onların ailələrinin xidmətə çıxışı məhduddur. Regionlarda zorakılıqla üzləşən uşaqların hara müraciət etmək, hüquqlarını necə bərpa etmək kimi məlumatları yoxdur. Uşaqların təhsildən yayındırılaraq erkən nikaha cəlb edilməsi halları hələ də var. Bununla uşağın ilk növbədə təhsil hüququ əlindən alınır. Çox zaman uşaqların səhiyyə hüquqları da pozula bilir. Ağır və xüsusi qayğıya ehtiyacı olan uşaqlar heç də həmişə hüquqlarından yararlana bilmirlər. Xüsusən də regionlarda reabilitasiya xidmətlərindən istifadə edə bilmirlər ki, bunun özü də səhiyyə hüququnun pozulması deməkdir. Düzdür, bu gün internatdan çıxan uşaqlar üçün social mənzillərin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılması müsbət hal olsa da, problemlər də qalıb. Məsələn, hələ də uşaq evlərində 9 minə yaxın uşaq var. Düzdür, uşaq evlərinin imkanları ildən-ilə yaxşılaşdırılıb. Lakin hər bir uşaq ailədə yaşamalıdır. Əksinə hər il uşaq evlərinə müraciətdə artım müşahidə edirik, bunun da əsas səbəblərindən biri social təminatdır. Bununla yanaşı zorakılığa məruz qalma halları da hər il artmaqdadır”.
 
K.Aşumovanın sözlərinə görə, problemlərin müəyyən edilməsi bir tərəfə onların həlli üçün də addımlar atılmalıdır: “Sosial mərkəzləri yaradılmaması isə həll müddətini gecikdirir. Uşaqlar, onların yaşadığı mühitlə iş aparılmasa,onların hüquqlarının bərpası mümkün olmayacaq. Uşaqların psixoloji və sosial mühitlərə çıxışı, cəmiyyətə reinteqrasiyasını təmin etmək qarşımızda duran əsas problemlərdəndir. Hazırda Bakıda və Gəncədə belə xidmət mərkəzləri var. Bu mərkəzlər uşağın sosial problemlərini araşdırır və ona kömək edir. Bizim təşkilatda “Uşaq Qaynar Xətti” fəaliyyət göstərir. Bura müxtəlif problemlərlə bağlı müraciətlər olur. Bu müraciətlər hamısını araşdırıb, həll edirik. Düzdür, dövlət qurumları var, lakin onlar hər bir kənddə uşağın problemini həll edə bilməz. Belə mərkəzlərin olması onların da işini asanlaşdıra və həllinə kömək edə bilər.Problemlərin həlli üçün uşaqların müraciət edəcəkləri mərkəzlərin olması mütləqdir”.
 
Azərbaycanm Uşaq Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, uşaq hüquqları ilə bağlı qanunlarla yetərincə dəyişikliklər edilsə də, mediadan müşahidələrimiz və yaşanan faktlar bu sahədə problemlərin olduğunu göstərir: “Düzdür, bəzən uşaqlara qarşı zorakılıq anlayışı belə düzgün başa düşülmür. Lakin bir uşağın hüququnun pozulması belə narahatlığa əsas verir. Son vaxtlar məişət zorakılığına məruz qalan uşaqlarla bağlı daha çox məlumatlar yayılır. Hesab edirəm ki, bu halların azalması üçün profilaktik addımların atılmasına ehtiyac var. Bu gün Azərbaycanda ailə modelinin zəifləməsindən yaranan qeyri-rəsmi nikahların sayının artması uşaq problemlərinin artmasına səbəb olur. Bu uşaqların müdafiəsində müəyyən boşluqlar var”.
 
K.Ağazadənin sözlərinə görə, son illər küçə uşaqlarının da sayında azalma müşahidə edilir.
 
“2010-2013-cü illərlə müqayisədə son illər aparılan işlərin nəticəsində küçə uşaqlarının sayında azalma qeydə alınır. Biz təşkilat olaraq bundan sonra küçə uşaqlarının formalaşdığı roman tayfalarından olan uşaqlara daha çox diqqət ayırmağı fikirləşirik. Çünki bir uşağın belə küçədə qalması bizi narahat etməlidir”, - deyə o bildirib.
K.Ağazadə hesab edir ki, uşaq hüquqları ilə bağlı problemlərin həll edilməsi üçün qanunlarda dəyişikliklər etməyə ehtiyac duyulur.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun fikrincə, bu gün istər dünya, istərsə də Azərbaycanda müharibələr uşaqların hüquqlarını pozur: “Dünyada miqrasiya, qaçqınlar, siyasi konfliktlər nəticəsində uşaqların bir çox hüquqları pozulub. Avropaya gələn qaçqınlar arasında 10 mindən çox uşaq itkin düşüb. Bu beynəlxalq uşaq problemləri üzrə mübarizədə ciddi məqamlardan biridir. Eləcə də, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və nəticədə illərdir həll edilməyən konfliktin meydana gəlməsi nəticəsində yüzlərlə uşaq zərər çəkir. Bu gün də Ermənistan atəşkəsi pozmaqla uşaqlarımızın öz evlərində ölür və ya xəsarət alırlar. Bu gün hətta sərhədyanı bölgələrdə uşaqlar normal təhsil almaq problem yaşayırlar”.
 
E.Səfərov onu da əlavə etdi ki, bu gün uşaqların ən çox zərər çəkdiyi problemlərdən biri də məişət zorakılığıdır: “Bu gün dövlət tərəfindən məişət zorakılığı, selektiv abortların qarşısının alınması üçün mütəmadi maarifləndirmə işlər aparılır, qanunvericilik təkmilləşdirilir. Son illər ərzində uşaq hüquqları, ailə məcəlləsində dəyişikliklər edilib. Hazırda Uşaq Məcəlləsi, Uşaq Strategiyasının layihəsi hazırlanıb. Gələcək illərdə onların qəbulu və həyata keçirilməsi nəzərdə tutulub. Hər 4 ildən bir Azərbaycan BMT-yə Uşaq hüquqları ilə bağlı hesabat təqdim edir. Bu hesabatlar nəticəsində təkmilləşdirmə ehtiyac olan sahələr tövsiyə olunur. Sonuncu hesabatlardan sonra BMTAzərbaycan həyata keçirdiyi layihələri müsbət təcrübə kimi digər dövlətlərə tövsiyə edir. Lakin buna baxmayaraq bu gün bizdə də erkən nikahlar, uşaqlara qarşı zorakılıq, təhsildən yayınma, selektiv abortlar kimi problemlər var. Bunlarla mübarizə üsullarında ildən-ilə təkmilləşdirmə işləri aparılır. Əsas məqsəd problemlərin həlli və uşaqların inkişafına dəstək olmaqdır. Lakin bu işlər yanlış dövlət qurumlarının işi deyil, ailələr, onların selektiv abortlar, təhsildən yayınmaya münasibətin dəyişməsinə ehtiyac var. Hər il təxminən 25 -27 min uşaq abort etdirilir. Bu problemlərlə mübarizəyə, ailə və valideynlərin məsuliyyəti, diqqətinin artırılmasına ehtiyac var. Həmçinin hüquq mühafizə orqanları-polis, məhkəmə, icra hakimiyyətlərinin nümayəndələri bu məsələyə həssas yanaşmalıdır. Bir ilə yaxındır ki, İcra Hakimiyyətlərində məişət zorakılığı halları ilə bağlı xüsusi komissiyalar yaradılıb. Bu komissiyaların işinin  müsbət nəticəsini müşahidə edirik”.
 

Google+ WhatsApp ok.ru