Azərbaycan əsgərinin meyiti qaytarılıb - YENİLƏNİB

Azərbaycan əsgərinin meyiti qaytarılıb - YENİLƏNİB

-- İtkin düşmüş Azərbaycan əsgəri Cəlilbəyli Pərviz Bəhruz oğlu...

14:22
 
Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.
 
APA-nın xəbərinə görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.
 
Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, B. Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 
 
***
"Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb".
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
 
O bildirib ki, bu il sentyabrın 27-də Ordubad rayonu istiqamətində itkin düşmüş Azərbaycan əsgəri Cəlilbəyli Pərviz Bəhruz oğlunun axtarışı və sonrakı taleyi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara zamanında müraciət olunub:
 
"Noyabrın 23-də qarşı tərəf məlumat verib ki, həmin istiqamətdə azərbaycanlı hərbçinin meyiti tapılıb. Meyiti tapılan şəxsin kimliyinin müəyyən olunması ilə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət olunub. Hazırda meyitin qaytarılması üçün danışıqlar gedir. Yaxın günlərdə proseslə bağlı ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti təşkilatlarla birlikdə iş davam edir". 

Google+ WhatsApp ok.ru