Azərbaycanda tüğyan edən virusun adı məlum oldu: `Honkonq qripi`

Azərbaycanda tüğyan edən virusun adı məlum oldu: `Honkonq qripi`

Son aylar ölkə əhalisi arasında sürətlə yayılan qrip virusu ciddi təşviş yaradıb. 
 
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva əhali arasında yayılan bu kəskin virusun A tipli H3N2 qripi olduğunu deyib.
 
Bəs H3N2 qrip virusu nədir? Əlamətləri və doğurduğu təhlükə hansılardır?   
 
FaktXəbər-in məlumatına görə, V.Axundov adına Elmi -Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova lent.az-a  bildirib ki, ümumiyyətlə qrip virusları dəyişkən viruslardır. Hazırda dünyada insanlar arasında dövr edən qrip virusları A(H1N1) və A(H3N2) adlanır.
 
Burada H “hemaqqlyutinin”, N isə “neyraminidaza” sözünün qısalmasıdır. Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Və bunların dəyişməsinin nəticəsində qrip virusunun yeni müxtəlif variantları əmələ gəlir.
 
H. Qədirovanın sözlərinə görə, H3N2 virusu hazırda dünyada dövr edən viruslardan biridir və 1968-69-cu illərdə pandemiya törətmişdi: “Bu qrip virusuna “Honkonq qripi" də deyilir: "Ötən il H1N1 ( "İspan qripi") virusu daha geniş yayılmışdı. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə isə, 2016-cı ilin sonu və bu ilin əvvəllərində Avropa ölkələrinin əksəriyyətində H3N2 virusu H1N1-dən daha çox yayılıb. Müxtəlif ölkələrdə xəstələnənlər arasında bu virusun üstünlük təşkil etməsi qeyd olunur.
 
Ümumiyyətlə H3N2 virusu daha yüngül xəstəlik törədir.  Ağır pandemiya məhz o biri viruslarla bağlı yaşanır. Hazırda əhali arasında sürətlə yayılmış bu xəstəlik yüngül keçən mövsümi qrip xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada böyüklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur”.
 
H3N2 virusunun törətdiyi xəstəliyin əlamətlərini sadalayan H.Qədirova bildirib ki, xəstələr əsasən zəiflikdən, 38 dərəcədən yüksək hərarət, titrəmə, baş, göz, boğaz, əzələ və oynaq ağrısından şikayət edirlər, bunlarla yanaşı, halsızlıq, yuxarı tənəffüs yollarının iltihabı, boğazda yanma, öskürək və zökəm kimi şikayətlər də ola bilər. Bəzi hallarda isə ürək bulanma və qusma kimi hallar da yaşanır.
 
H.Qədirova vurğulayıb ki, bu əlamətlər müşahidə edilən şəxs mütləq yataq rejimində olmalıdır: “Həmin şəxs mütləq ayrıca otaqda, yataq şəraitində qalmalı, evdən çıxmamalıdır. Otağın havası tez-tez dəyişdirilməlidir. Onun istifadə etdiyi birdəfəlik salfetlər ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır. Çünki bu virusun orqanizmdən çıxması üçün bol maye qəbulu zəruridir.
 
Bundan başqa, Oseltamivir (Tamiflu) və Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar bu qripə qarşı daha effektivdir. Bu dərman preparatları uşaqlar üçün də istifadə edilə bilər, hər yaş üçün uyğun dozası var.
 
Qripin ən təhlükəli xüsusiyyəti onun fəsadlarıdır. H3N2 qrip virusunun ən ağır fəsadı ağciyər pnevmoniyası,  ağciyər çatışmazlığı, meningit və qulaq iltihabıdır. Belə ağır fəsadlaşmalar olduğu halda isə evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Və həkimin məsləhəti ilə antibiotik müalicəsinə başlamaq olar”.
 
Adı çəkilən H3N2 qrip virusuna qarşı vaksinin mövcud olduğunu xatırladan H. Qədirova bildirib ki, xəstəliyin yayılma təhlükəsi yarananda vaksinasiya etmək lazımdır: “Tam müdafiə etməsə də, xeyli qoruyur. Bu vaksin həm H1N1, həm H3N2 , üstəlik digər qrip viruslarına qarşı istifadə edilə bilər. Payız mövsümündə, oktyabr-noyabr aylarından vaksini vurdurmaq lazımdır. Bilirsiniz ki, immunitetin əmələ gəlməsi üçün bir-iki həftə vaxt lazımdır. Sadaladığımız əlamətlər qripəbənzər kəskin respirator virus infeksiyaları, eləcə də adenavirus zamanı da yaşana  bilər. Buna görə də xəstəliyin qrip olduğunu dəqiqləşdirmək üçün diaqnostika üsulları ilə virusoloji diaqnoz qoyulmalıdır”.
 
2 nəfərdə H3N2 qrip virusu aşkarlanıb
 
Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova açıqlamasında deyib ki,  oktyabr ayından bu günə qədər Respublika Taun Əleyhinə Stansiyasına tibb müəssisələrindən 165 yaxma nümunəsi daxil olub.
 
R. İsmayılova bildirib ki, daxil olan  nümunələrin laborator müayinəsi zamanı paraqrip, adenavirus, kəskin respirator viruslar aşkarlanıb: “İki nəfərdən götürülmüş yaxma nümunəsində isə H3N2 qrip virusu aşkarlanıb. Həmin şəxslərdə kliniki əlamətlər yüngül keçdiyi üçün onlar qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə təşkil olunmuş xüsusi palatalara yerləşdirilmədilər. Müalicə təyin olundu və artıq sağalıblar”.
 
R.İsmayılova əlavə edib ki, hazırda qriplə bağlı əhali arasında nəzarət ciddi aparılır  və ölkədə qrip xəstəliyi epidemik həddi keçməyib: “Qriplə bağlı epidemioloji durum sabitdir. Epidemik həddən çox aşağıdır”.
 
Səhiyyə Nazirliyi: Panikaya əsas yoxdur
 
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov açıqlamasında deyib ki, əhali arasında yayılmış xəstəlik mövsümi qripdir və təşvişə gərək yoxdur.
 
V.Qasımovun sözlərinə görə, hər il olduğu kimi bu il də mövsümi qriplə bağlı artım müşahidə olunur: “Keçən il bundan da çox mövsümi qripə yoluxma halı qeydə alınmışdı.  Azərbaycanda hələ ki, epidemioloji hədd keçilməyib. Xəstələnmə epidemioloji həddən aşağıdır. Maksimum həddə çatanda artıq başqa tədbirlər görüləcək. Məktəblər, iş yerləri bağlanacaq. hazırda həmin vəziyyətə çatmamışıq. Ölkədə epidemioloji hal elan edilməsi üçün epidemik həddin hesablanma düsturu var ki, bu Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hesablanır. Hazırda ölkədə epidemioloji durum sabitdir və daim nəzarətdədir. Hələlik respublikada bu məsələ ilə bağlı problem yaşanmır".
 
Əhali arasında qripdən ölənlərin olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən V. Qasımov deyib ki, bu fikirlər həqiqətə uyğun deyil: “ Əgər ölüm halı olubsa, bunu gizlətmək olmaz axı. Belə bir şey yoxdur. Səhiyyə Nazirliyi bir daha bildirir ki, bəli, bu il mövsümi qriplə bağlı artım var və lazımı tədbirlər görülür”.
 
V.Qasımov son olaraq əhalinin nəzərinə çatdırıb ki, xəstə olanda mütləq tibb müəssisələrinə müraciət etsinlər: “ Xəstə olan kimi dərhal bilib-bilmədən aptekə qaçmayın. Ailədə, qonşuda, qohumda xəstə varsa, təkidlə onu həkimə aparın”. 
 

Google+ WhatsApp ok.ru