AĞILLI QADIN – XOŞBƏXTLİK RƏMZİ

Mirməhəmməd Bəşir

AĞILLI QADIN – XOŞBƏXTLİK RƏMZİ


Görəsən, heç düşünmüsünüz, ki İslam dini və İslam Peyğəmbərinin (s) insanlara bağışladığı ən gözəl, ən qiymətli hədiyyə hansıdır?

İslam Peyğəmbərinin (s) insanlara ən qiymətli hədiyyəsi mənəvi, əmin-amanlı, cənnət ab-havalı, ilahi bir həyatdır. O, Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi ki, insanlara pak və mənəvi həyat yolunu aşılasın, sevinc dolu həyat bağışlasın, qaranlıq, solğun və sönmüş qəlbləri işıqlandırsın. O Həzrət insana öz həqiqi dəyər və mahiyyətini anlatmaq üçün buyurur: “İnsanın əsl mahiyyəti onun ağıl və təfəkkürüdür.”[1]

Amma sən, ey insan! Əgər kəramət, ucalıq, ləyaqət, şərəf zirvəsinə yüksəlmək və əzab, zülmət, uçurum və kin-küdurət bataqlıqlarından nicat tapmaq istəyirsənsə, ağıl və dərrakə işığında yol getməli, ağıl və elm işığında doğru yol, xoşbəxt həyat axtarmalısan.

Allahın elçisi, əziz İslam Peyğəmbəri (s) insan dərrakəsi və ağlının qüdrətini belə vəsf edir: “Ağıl və düşüncə ilə dünya və axirətin bütün xeyir və xoşbəxtliyinə çatmaq olar. Ağıl və düşüncədən məhrum olan şəxs dünya və axirətin xeyrindən məhrumdur.”[2]

İslam Peyğəmbərinin (s) nəzərində insanların qiyməti onların zəhmət, iş və ibadətlərinin dərəcəsi ağılları ilə ölçülür.[3]

Peyğəmbərimizin (s) yanında kiminsə barəsində söz düşdükdə buyurardı: “Ağıl və düşüncəsinin gözəlliyinə baxın ki, insan ağlına görə mükafat alır.”[4]

O həzrət başqa bir hədisdə buyurur: “Adəm övladının dözümlü, sabit və möhkəmliyi onun ağıl və düşüncəsinə görədir, ağlı və düşüncəsi olmayan kəsin dini də yoxdur.”[5] Elə buna görə də, insana lazımdır ki, əbədi, pak və xoşbəxt həyata qovuşmaq üçün, ağıl və düşüncə əsasında hərəkət etsin. Həmçinin özünün həyatdakı seçimlərində, xüsusilə də, elçilik və evlilik məsələsində ağıl və düşüncəsini işə salsın ki, seçimində yanılmasın.

Eləcə də, diqqət etməlidir ki, özünə ömür-gün və sirr yoldaşı seçdiyi qadında hər şeydən öncə bu misilsiz nemət – ağıl və dərrakə olsun. Ağıl və dərrakəsi olan kəs ən yaxşı nemət və ən üstün gözəlliyə malikdir. Ondan məhrum olan kəs isə, həyatda əzab, bədbəxtlik və müsibətdən başqa bir şeyə malik olmayacaq, əməl və rəftarlarında özünü əsla doğrultmayacaq, həyat və yaşayışını nizama salıb möhkəmlədə bilməyəcəkdir. Diqqətinizə bir məktubu çatdırıram:

     “...Mənim fikrimi özünə məşğul edən işlərdən biri də övladlarımı tərbiyə etməkdir. Bu məsələyə çoxları ciddi yanaşmır və uşaqlar küçə tərbiyəsi ilə böyüyürlər. Bu da sonradan həm valideynlər, həm də ictimaiyyət üçün problemlər yaradır. Belə ailələrin bir nümunəsi bizim qonşuluqda yaşayır. Gənc bir anadır, ancaq kiçik uşaqları ilə qətiyyən maraqlanmır. Uşaqlarının duyğularını başa düşmür, uşaq psixologiyasını bilmir, övladının gələcəkdə necə və nəçi olacağı onu maraqlandırmır. O, uşaqlarını yanlış tərbiyə edir..... Dördyaşlı uşağını isti qaşıqla dağlayır, onu söyür, üstünə qışqırır, qaranlıq otaqda həbs edir, çubuqla elə döyür ki, uşağın fəryadı adamı lap ürəkdən dağlayır... Biz ona nə qədər nəsihət versək də, təsir etmir. Elə bil, sözü ona yox, daşa deyirsən, sanki heç ağıl və şüuru yoxdur, söz başa düşmür.

Nə üçün əxlaq alimləri və ailə məsləhətçiləri kitab, məqalə, mətbuat və televiziya verilişlərində oğlanları başa salmırlar ki, evlənmək istədikləri qızın gözəlliliyinə yox, ağıl və zəkasına diqqət yetirmək, önəm vermək lazımdır?! Nə üçün oğlanlar yalnız gözəl-göyçək qızlar haqqında düşünürlər? Nə üçün ancaq bu fikirdədirlər ki, aldıqları qız fılan şəxsin qızı olsun?... Belə olduğu halda, aldıqları qızın necə yüngülağıl, anlamaz, inadkar, tərs, ruhi xəstə və ya başqa bir xəstəliyinin olduğunu evləndikdən sonra başa düşürlər... Sizin fikrinizcə, belə bir ananın tərbiyə etdiyi uşağın öz ailəsinə və ictimaiyyətə nə xeyiri ola bilər?

Sizdən xahiş edirəm ki, analara övladlarına gözəl tərbiyə vermək üçün, ilahi vəhydən qaynaqlanan məsləhətləriniz ilə köməkçi olasınız və onlara öz analıq vəzifələrini xatırladıb başa salasınız ki, övladlarımız həyat bağımızın meyvələridirlər və onları bu sayaq heyf etmək olmaz…!”

İmza: Sizin bacınız…

Bəli. Elə bu cür problem və əzablardan qurtarmaq üçün Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heç vaxt! Heç vaxt! Ağılsız və axmaq bir qadınla evlənməyin ki, onunla yaşamaq əzab-əziyyət, narahatçılıq və ondan dünyaya gələn övladlar isə fəlakət və uçurumlara yuvarlanacaqlar.”

Bu əzablardan qurtarmaq və uçurumlara düşməmək üçün əziz Peyğəmbərimizin (s) və məsumimamların (ə) kəlamlarını oxuyub əməl etmək və onların həyat tərzini öz gündəlik həyatımızda icra etməliyik. Belə olduqda, gözəl, pak, sakit bir həyata malik olub dünya və axirət xoşbəxtliyini əldə etmək olar.

Qurani-Kərimdə buyurulurr: “Peyğəmbər sizə nə verirsə (nəyi əmr edirsə), onu götürün (ona əməl edin); nəyi qadağan edirsə, ondan əl çəkin.”[6]

 


[1] . “Biharul-ənvar”, Əllamə Məclisi,  103/235.

[2] . “Biharul-ənvar”, Əllamə Məclisi,  1/86, 94 və 78/111.

[3] . “Məcməul-bəyan”, Təbərsi, 10/324.

[4] . “Əl-Kafi”", Şeyx Kuleyni, 1/12.

[5] . “Biharul-ənvar”, Əllamə Məclisi, 1/86, 94 və 78/111.

[6]. “Həşr” surəsi, ayə 7.

 

Google+ WhatsApp ok.ru