AİP-in 25 illik yubiley tədbirinin qarşısı polis zorakılığı ilə alındı - FOTO/VİDEO - YENİLƏNİB

AİP-in 25 illik yubiley tədbirinin qarşısı polis zorakılığı ilə alındı - FOTO/VİDEO - YENİLƏNİB

“Bütün təzyiq və zülmlərə rəğmən möhkəm addımlarla yolumuza davam edəcəyik” – Hacı İlham Əliyev

18:40
 
Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi, partiyanın 25 illik yubileyi tədbirinin qeyd edilməsinə hökumət tərəfindən süni maneə yaradılması və icazə verilməməsi ilə bağlı geniş tərkibli mətbuat konfransı keçirib
İslaminSesi xəbər verir ki, tədbirdə partiya funksionerləri, siyasi təşkilat rəhbərləri, ziyalılar və ölkənin ictimai sferasını əhatə edən şəxslər, eləcə də yubiley tədbirinə dəvət olunan qonaqlar iştirak ediblər.
 
Tədbirdə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev dəvəti qəbul edib yubiley tədbirində iştirak etmək üçün təşrif buyuran bütün qonaqlara təşəkkürünü bildirib. Bəzi məmurlar tərəfindən tədbirin baş tutmasına imkan verilməməsinə təəssüfləndiyini qeyd edib: “Guya şadlıq evinin su sistemində zəhərli maddə aşkarlandığını bəhanə gətirdilər. Bu səbəbdən də tədbirin keçirilməsinə icazə verə bilməyəcəklərini bildirdilər. Amma hamımızın gördüyü kimi tədbirin keçiriləcəyi ərazidə qonaqlardan daha çox polis orqanlarının əməkdaşları var idi. Onlar insanlarla olduqca kobud rəftar edərək, qonaqları ərazidən uzaqlaşdırdılar”.
 
Hacı İlham Əliyev əlavə edib ki, bəzi məmurlar ölkə daxilində ixtişaş yaratmağın tərəfdarıdırlar: “ Onlar bu cür ixtişaşlardan öz şəxsi maraq və məqsədləri üçün istifadə edirlər. Əslində isə bizim yubiley tədbirini keçirməkdə məqsədimiz birlik, vəhdət və həmrəyliyimizi nümayiş etdirmək idi. Yəni bu tədbirdə heç bir siyasi motivin mövcudluğundan söhbət gedə bilməz. Amma çox təəssüflər olsun ki, Azərbaycan İslam Partiyasına qarşı bu cür qərəzli mövqe sərgiləndi. Buna baxmayaraq AİP bütün Azərbaycan xalqına, onun milli-dini dəyərlərinin qorunub saxlanmasına xidmət edib. 25 il ərzində partiyanın sərgilədiyi mövqe bundan sonra da davam edəcək. Bütün təzyiq və zülmlərə rəğmən biz hər zaman yaşayıb, haqqı deyib, yolumuzda möhkəm addımlar atıb fəaliyyətimizə davam edəcəyik. Biz bu xoşəgəlməz halları qətiyyətlə pisləyirik”.
 
Bundan sonra çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev ilk öncə AİP rəhbərliyini və üzvlərini 25 illik yubiley münasibəti ilə təbrik etdi. Eldəniz Quliyev çıxışı zamanı qeyd etdi ki, AİP kifayət qədər böyük siyasi təcrübəyə, intellektə və mənəviyyata sahib partiyadır. Yubileyin keçirilməsi ilə bağlı baş verənlərə də münasibət bildirən Eldəniz bəy, bunun Azərbaycan hakimiyyəti üçün utancverici bir olay olduğunu söylədi: “Özünü tolerant, sivil, demokratik və multikultural dəyərlərin daşıyıcısı olduğunu iddia edən hakimiyyətin belə bir addım atması, iddialarının yalan olmasını göstərir. Polislərin kobudluğu və öz vəzifəsini icra edən jurnalistlərə qarşı fiziki güc tətbiq etmələri isə yol verilməzdir.”
 
 
 
***
 
Azərbaycan İslam Partiyasının (AİP) 25 illik yubiley tədbirinin keçirilməsi baş tutmayıb.
 
Buna səbəb yubiley tədbirinin keçiriləcəyi “Kəmalə Nərmin” restoranının qarşısına yüksək rütbəli polis əməkdaşlarının və qüvvələrinin yeridilməsi olub.
 
Belə ki, tədbirin başlanmasına sayılı dəqiqələr qalmış əraziyə cəlb olunan polis qüvvələri restoranın qapısını bağlatdıraraq gələn qonaqların içəri daxil olmasına imkan verməyib. Bununla yanaşı partiya funksionerlərini, komitə rəhbərlərini, eləcə də digər qonaqları ərazidən uzaqlaşdırıblar.
 
Görülən bütün tədbirlərə baxmayaraq yubiley mərasiminin keçiriləcəyi əraziyə gələn AİP-in sədr əvəzi Hacı İlham Əliyev mediaya açıqlama verib. O, bildirib ki, hökumət tərəfindən partiyanın 25 illiyinin keçirilməsinə qarşı qoyulan qadağa heç bir qanuna sığmır: “ Bu qadağa ölkədə elan olunan “İslam Həmrəyliyi ili” ilə heç bir vəhdət təşkil etmir”.
 
Daha sonra polis qüvvələri kütləni zorla dağıtmağa başlayıb.
 
Edilən açıqlamada guya restoranın su sisteminə zəhərli maddə qatıldığı haqda hüquq mühafizə orqanlarına məlumat daxil olduğu, bu səbəbdən də tədbirin keçirilməsinə icazə verilmədiyi bildirilib. Hətta tədbirin keçirilməsinə bir neçə saat qalmış, AİP rəhbərliyinə bu haqda məlumat verildiyi də açıqlanıb. Lakin partiya rəhbərliyi bütün bunları cəfəngiyyat adlandırıb və tədbirin keçirilməsinə hökumət tərəfindən qadağa qoyulduğunu vurğulayıb.
 
Qeyd edək ki, ərazidə çəkiliş aparan media mənsublarına qarşı da polis tərəfindən kobudluq edilib, onlara qarşı təhqiramiz ifadələr işlədilib və vəzifə borclarını yerinə yetirmələrinə ciddi maneələr yaradılıb. 
 
Meydan.tv-nin məlumatına görə, jurnalist Arzu Abdulla çəkiliş zamanı polislər tərəfindən fiziki təzyiqə məruz qalıb.  "Polislər, xüsusilə mülki geyimlilər çox aqressiv və zorakı davranırdı. Mülki geyimlilərdən biri məni vurandan sonra telefonumu aldı. Sağ qolum əzilib. Baş verənlər rejissor, ictimai xadim Eldəniz Quliyevin gözü önündə baş verdi. Eldəniz Quliyev polisdən telefonumu istədikdə, təhqiramiz ifadələrlər rədd cavabı alırdı. Çox isrardan sonra telefonumu ala bildim". 
 
A.Abdulla qarşılaşdığı kobudluqla bağlı prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyir. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru