AİP-in növbəti baş məclisi keçirilib - FOTO

AİP-in növbəti baş məclisi keçirilib - FOTO

Baş Məclisinin gündəliyində duran müxtəlif məsələlər səsləndirilib
 
Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı keçirilib.
 
Baş Məclisin gündəliyində duran müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, partiyanın həbsdə olan lideri Mövsüm Səmədova qarşı hakimiyyətin qərəzli münasibəti davamı, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət və digər məsələlər olub.
 
Tədbir öncə Allah kəlamının oxunması və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
 
Partiyanın Baş Məclisində öncə çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verilib. Sədr əvəzi öncə partiyanın baş məclisinə toplaşan hər kəsi salamladı və təşrif buyuran funksionerlərə, komitə sədrlərinə təşəkkürünü bildirib. Vilayət səmasının 6-ci ulduzu Həzrəti İmam Sadiq(ə)-ın şəhadəti münasibəti ilə hər kəsə başsağlığı verdi.
 
Sözünə Həzrəti İmam Sadiq(ə)-ın mübarək kəlamı ilə başlayan Hacı İlham Əliyev İmam(ə) belə buyurduğunu söylədi:
“Bütün insanların elmini 4 məsələdə cəm olunub. Birincisi budur ki, insan öz rəbbini tanımalıdır.  İkinci məsələ budur ki, Allah sənin üçün nə etdiyini və hansı nemətləri bəxş etdiyini biləsən. İnsan məhz bu verilmiş nemətlərin içində özünü dərk etməlidir. Bu dərkdən sonra o eyni zamanda dünyanı da dərk edə bilər. Allah-Təala ayələrində bəyan edib ki, onun verdiyi nemətləri insan sadalamaq istəsə sayı bilinməz. Elə bu nemətlər vasitəsi ilə insan Allahını tapıb və ona gedən istiqaməti müəyyənləşdirməlidir.
 
Üçüncü məsələ isə Allahın insandan nə istəməsini bəndənin bilməsidir. İnsan gərək bilə ki, Allah məndən nə istəyir. İnsan Allahı başa düşüb dərk edəndən sonra və özünü düşünüb dərk edəndən sonra özünə sual verməlidir ki, mənim boynumdakı vəzifə nədir? Ona verilmiş nemətləri təsadüfü deyildir. Bu nemətlərin müqabilində nə edəcəyini müəyyənləşdirməlidir. Təklifin ardınca getməlidir.
 
Həzrəti İmamın buyurduğu hədisdə sonuncu məsələ insanın təhlükələrini tanıması ilə bağlıdır. İnsan özünə daim sual verməlidir ki, məni dinsiz edən amillər nə ola bilər? Bəndə özü ilə Allah arasına girə biləcək təhlükələri ayırd etməlidir. Nələr bais ola bilər ki, məni dinimdən məhrum etsin? Həzrəti İmam Sadiqin (ə) buyurduğu bu 4 amildə insanın dünya və axirət xoşbəxtliyi cəmlənib”.
 
Sədr əvəzi çıxışının davamında AİP lideri Mövsüm Səmədovun növbəti dəfə haqsız yerə 3 il müddətinə Qobustan Qapalı Tipli Təcridxanasına köçürülməsi və bununla bağlı keçirilən saxta məhkəmə prosesi haqda danışdı. Mövsüm Səmədovla bağlı baş verənlərin narahatedici və üzücü hadisə olduğunu söyləyən Hacı İlham Əliyev, “Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirilən gündən çox gülünc və qərəzli bəhanələrlə daima karsa salınırdı. Sonda növbəti dəfə saxta qərarlarla 3 il müddətinə Qobustana göndərilməsi barədə qərar çıxarıldı. Bütün bunlar düşməncəsinə və tamamilə ədavətlə yerinə yetirilən sifarişlərdir”, - deyə bildirdi:
 
“12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən məhkəməyə təqdim edilən qərarların heç biri tutarlı dəlillər və sübutlar deyildi. Bəhanələri Mövsüm Səmədovun ədyalı yerə ataraq namaz qılması, başına papaq taxması və digər saxta böhtanlardan ibarət idi. Təəssüflər olsun ki, Apellyasiya Məhkəməsi də əvvəlki məhkəmənin hökmünü qüvvədə saxladı. Məhkəmədə çıxışı zamanı vəkil də bildirdi ki, bütün bunlar əvvəldən hazırlanıb. Hakimlər də müşavirə otağına gedən kimi heç 2 dəqiqə çəkmədi ki, hökmü çıxardılar. Yəni iki saatlıq məhkəmə prossesi 2 dəqiqəlik məhkəmə hökmü ilə təsdiqləndi“.
 
Bir neçə müddət bundan öncə Bakının Mərkəzində yerləşən Hacı Cavad məscidinin də sökülməsinə və Şeyx Sərdar Hacıhəsənlinin namaz qıldığına görə qondarma ittihamlarla 3 il müddətinə barəsində həbs cəzası çıxarılmasına da münasibət bildirən Hacı İlham Əliyev qeyd etdi ki, məscidin sökülməməsi də mümkün idi: “Sözügedən məscid Azərbaycanımızın və paytaxt Bakımızın canlı bir sənədi idi ki, bizim xalqımız yüz illər öncə müsəlman və Əhli-Beyt(ə) sevər xalq olub. Nəticədə xalqımıza məxsus canlı bir sənəd gözümüzün qabağında dağıdıldı. Şeyx Sərdarhacıhəsənli saxta və gülünc bir maddə ilə həbsə göndərilməsi də Azərbaycan dövlətçiliyi üçün böyük bir biabırçılıq idi. İslam Həmrəyliyi ili elan etdikləri bir zamanda ölkənin adlı-sanlı ruhanilərini namaz qıldıqlarına görə həbs edirlər. Məhkəmə prosesi o qədər gülünc və saxta idi ki, hətta dövlət ittihamçısı və hakim öz təəccübünü, gülməyini gizlədə bilmirdilər. Amma bütün bunlara baxmayaraq hakim heç bir dəlil və sübut olmadan qısa zaman ərzində heç nə olmamış kimi 3 il həbs qərarını oxudu”.
 
Sonra çıxış üçün söz AİP funskioneri Akif Heydərliyə verildi. Akif heydərli çıxışı zamanı ölkə və beynəlxalq arenada baş verən ictimai-siyasi, geopolitik məsələlər barədə baş məclis iştirakçılarına məlumat verdi.
 
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə çıxışı zamanı cari dövrdə görülən işlər, partiyanın fəaliyyəti və bundan sonrakı görüləcək işlər barədə tədbir iştirakçılarına açıqlama verdi.
 
Tədbir komitə sədrlərinin və partiya funksionerlərinin hesabat xarakterli çıxışları ilə sona çatdı.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru