AİP-in növbəti baş məclisi keçirilib

AİP-in növbəti baş məclisi keçirilib

`Əslində Şeyx Sərdar Hacıhəsənlini həbs edənlər ona namaz qılmağı qadağa qoymurlar. Yalnız onların hakimiyyəti altında, onların istədiyi kimi namaz qılmağımızı istəyirlər.`

Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı keçirilib.
 
İslaminSesi xəbər verir ki, Baş Məclisin gündəliyində duran müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, rayon təşkilatı rəhbərlərinin hesabatı, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər olub.
 
Tədbir öncə Allah kəlamının oxunması və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
 
Partiyanın Baş Məclisində öncə çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verilib. Sədr əvəzi öncə partiyanın baş məclisinə toplaşan hər kəsi salamladı və təşrif buyuran funksionerlərə, komitə sədrlərinə təşəkkürünü bildirib. Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbriklərini çatdıran Hacı İlham Əliyev, hər kəsə bahar təravətli gözəl və təmiz həyat arzulayıb.
 
Hacı İlham Əliyev Qurani Kərimdə Həzrəti Musa (ə) haqda yer alan ayə ilə sözlərinə davam edib:
 
“Allah-Təala Qurani Kərimdə Həzrəti Musa(ə)-ın əhvalatını müxtəlif cəhətləri ilə bir neçə dəfə bəyan edib.  Qurani-Kərimin Ğafir sürəsinin 26-cı ayəsində Allah-Təala Həzrəti Musa(ə) ilə Firon arasında baş verən əhvalat haqqında danışır. Ayədə Allah-Təala bəyan edir ki, Firon öz əyan-əşrəfinə Həzrəti Musanı(ə) öldürməklə bağlı müraciət edir. Firon bildirir ki, siz icazə verin mən Musanı qətlə yetirim. O, ki öz Allahı ilə bağlı belə bir iddiadadırsa, görək onun Allahı gəlib bəndəsini necə mənim cəzamdan və işgəncəmdən xilas edəcək.  Ayədə Fironun Həzrəti Musa(ə)-mı öldürməklə bağlı dəlili də qeyd edilir. Firon bu addımını Həzrəti Musa(ə)-ın onların dinini dəyişə biləcəyindən qorxduğu üçün etdiyini söyləyir. Fironun qorumaq istədiyi din isə bundan ibarətdir ki, O, özünü insanların Allahı hesab edirdi. 
Yəni mənə ibadətdən ibarət bir dindən məhrum olmaq istəmirsizsə, gərək ki, Musa(ə) öldürülsün. Allah Təala ayənin ardında buyurur ki, Firon Həzrəti Musa(ə)-ın yaşayacağı halda yer üzündə fitnə-fəsadın çoxaldacağını bildirir. Ayədə diqqət çəkən və ibrətamiz nöqtə bundan ibarətdir ki, düşmən Musa(ə) kimi ulul-əzm peyğəmbəri aradan götürmək üçün öz batil fikirlərini məntiq donu ilə paka çıxarmaq istəyir. Ayənin ardında buyurulur ki, həmin məclisdə bir nəfər mömin ayağa qalxaraq Həzrəti Musanın (ə) öldürülməsinə etiraz edir. O, Həzrəti Musanı(ə) hansı məntiqə əsasən öldürmək istədiklərini soruşur. Bu mömin imanını gizlətmiş bəndələrdən, Həzrəti Musanın(ə) ardıcıllarından idi. Həmin şəxs Həzrəti Musa(ə)-ın fitnə törətmədiyini deyir və bildirir ki, Həzrəti Musanın(ə) sizə təklif etdiyi ya düzdür, ya da ki səhv. Əgər onun iddiası yalandırsa, o zaman yalanı öz əleyhinə çevriləcək. Əks halda dediyi söz doğru olsa, o zaman yenə də mənfəət əldə edən siz olacaqsınız və həmin vədlər bizim xoşbəxtliyimizə xidmət edəcək.”
 
Hacı İlham Əliyev çıxışının davamında bildirdi ki, hazırkı dövrdə də düşmənlər həqiqi islamın üzərinə dini qorumaq adı altında hücum çəkirlər:
 
“Şeyx Sərdar Hacıhəsənlinin həbsi buna əyani misaldır. Azərbaycanda ilk dəfədir ki, bir ruhanini namaz qıldığı üçün həbs ediblər. Əslində Şeyx Sərdar Hacıhəsənlini həbs edənlər ona namaz qılmağı qadağa qoymurlar. Yalnız onların hakimiyyəti altında, onların istədiyi kimi namaz qılmağımızı istəyirlər. Namazı məhdudlaşdırmaq acınacaqlı bir vəziyyətin mövcudluğundan xəbər verir. Əgər dünənə qədər saxta ittihamlarla narkotiklə, silahla ruhanini ittiham edirdilərsə, bu gün artıq namaz qıldığına görə məhkum edirlər”.
 
Hacı İlham Əliyev sonda AİP lideri Mövsüm Səmədovun salamını partiya funksionerlərinə çatdırıb. Doktor Səmədovun da həbsxanada namaz qıldığı üçün karsa salındığına diqqət çəkib. Bunu ölkədaxili bir təxribatın nəticəsi kimi qiymətləndirib.
 
Daha sonra çıxış üçün söz AİP funksioneri Akif Heydərliyə verilib. Akif Heydərli bildirib ki, hakimiyyətdə baş verən haqsız və ədalətsiz hallar qorxuludur: “Bu gün ölkədə müşahidə olunan ictimai siyasi proseslər Azərbaycanın təbii sərvətləri və insanların yaşayış səviyyələri ilə uzlaşmır. Uzun illər neft hasilatından əldə olunan qazanca arxalanan hakimiyyət, vaxtilə xalq tərəfindən səsləndirilən ehtiyaclar səbəbindən irəli sürülən tələbləri yerinə yetirmir. Çünki ölkənin daxili resurslar 
hesabına inkişafı təmin edilmədi və korrupsiya ilə məşğul olan məmurlar öz kapitallarını kənara yönəltdilər. Beləcə daxildə heç bir iş görülmədi. İqtisadi və maliyyə böhranı onu göstərir ki, mövcud problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Bütün bunlar isə ölkədə sosial partlayışa gətirib çıxaracaq qədər təhlükəlidir”.
 
AİP funsioneri qeyd edib ki, xalq olaraq hər kəs bu nigarançılığı hiss edir: “Lakin hakimiyyətdə təmsil olunanlardan eyni reaksiya sərgilənmir. Sürücüsündən tutmuş sərnişininə qədər hər kəsin cibinə girən hakimiyyət büdcə kəsirini belə doldurmaq istəyir. Bütün bunlar hakimiyyətin özünü qorumaq siyasətindən irəli gəlir”.
 
Akif Heydərli dindarlara qarşı yönələn təhdidlərdən narahatlığını da gizlətməyib və bu problemə diqqət çəkib. O, bildirib ki, inanclılara qarşı yönələn təzyiqlərin başlıca səbəbi, onların haqq sözünü demələri ilə bağlıdır. Akif Heydərli haqq sözündən qorxmağın yersiz olduğunu bildirib. Bu gün xaricdə terrorçu qruplaşmalara qoşulan təkfirçilərin ölkəmiz üçün potensial təhlükə olduğuna diqqət çəkib: “Xalqla hakimiyyət arasında uçurum dərinləşir. Mən Qarabağ probleminin həll olunmama səbəbini Azərbaycanda insan hüquqlarının pozulmasında görürəm. Bu gün düşmən beynəlxaq təşkilatlar qarşısında Azərbaycanda insan hüquqlarının pozulduğunu dəlil gətirərək, Dağlıq Qarabağda ermənilərin təhlükəsizliyinin qorunmasının mümkün olmayacağını iddia edirlər”.
 
AİP funksioneri İran-Azərbaycan münasibətlərinin yaxınlaşmasının regiona müsbət təsir göstərəcəyindən də danışıb. O, bildirib ki, iki qonşu dövlət arasındakı münasibətlərin yaxşılaşması, iki qardaş xalq arasında münasibətlərin olması təqdirəlayiqdir haldır.
 
Baş Məclisdə söz alan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova hər kəsi salamlayıb. Qarşıdan gələn Novruz bayramı və Həzrəti Fatimənin (ə) mövludu münasibəti ilə Azərbaycan xalqını, eləcə də əqidə yoldaşlarını təbrik edib.
 
 
Növrəstə İbrahimova İranda təşkil edilən Fələstinin azadlığına həsr edilən Beynəlxalq konfransda iştiraklarından danışıb. Konfransda müxtəlif ölkələrin
nümayəndələri ilə görüşdüklərini deyən AİP funksioneri, Azərbaycan xalqının yaralı yeri olan Qarabağ həqiqətlərini həmin insanlara çatdırdıqlarını dilə gətirib:
 
“Fələstinin davamı bizim Qarabağdır. Biz Təbriz və Urmiya şəhərində Xocalı faciəsi ilə bağlı konfrans keçirtdik. İrandakı bacı-qardaşlarımız da boş dayanmırlar. Onlar Qarabağ haqqında məlumatlar yayır və təbliğ edirlər”.
 

Google+ WhatsApp ok.ru