AİP lideri Mövsüm Səmədovun karsa salınması ilə bağlı növbəti etiraz

AİP lideri Mövsüm Səmədovun karsa salınması ilə bağlı növbəti etiraz

Xəbər verdiyimiz AİP lideri Mövsüm Səmədov 12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən bayram günlərində karserə salınıb
Mart ayının 19-u 3 günlük karsa salınan AİP liderinin cəza müddəti bitər-bitməz, onun barəsində yenidən 2 ay müddətinə karser cəzası verilib.
 
Mövsüm Səmədovla bağlı baş verənlər ölkənin inanclı cameəsi, siyasi arenası və ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb.
 
Əli Əliyev: “Hesab edirik ki, Doktor Mövsüm Səmədovun həbsi də düzgün deyil. Bununla yanaşı həbsdə olsa da, ona qarşı davranış insan hüquq və azadlıqları çərçivəsindən kənara çıxmamalıdır”
 
Baş verənlərlə bağlı “İslaminSesi”nə açıqlama verən “Vətəndaş və İnkişaf Partiyası” nın sədri Əli Əliyev AİP lideri Hacı Mövsüm Səmədovun karsa salınmasını pisləyib: “ Doktor Səmədov vicdan məhbusu kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan və siyasi baxışlarına görə həbs edilən şəxsdir. Onun işgəncələrə məruz qalması faktı ilk deyil. Mövsüm Səmədovun saxlanma şəraitinin mütəmadi olaraq dəyişdirilməsi və onun karsa salınması, AİP liderinin xüsusi rejimdə cəza çəkməsi kimi səciyyələndirilməlidir. Azərbaycanda siyasi mübarizə insanların əqidəsinin sındırılması, şəxsiyyətlərinin aşağılanması metodu ilə həyata keçirilməməlidir. Ona görə də “VİP” olaraq bizim bu cür hallara qarşı mövqeyimiz mənfidir. Hesab edirik ki, Doktor Mövsüm Səmədovun həbsi də düzgün deyil. Bununla yanaşı həbsdə olsa da, ona qarşı davranış insan hüquq və azadlıqları çərçivəsindən kənara çıxmamalıdır”.
 
 
Cəmil Həsənli: “Hacı Mövsüm Səmədova qarşı böyük haqsızlıq edilib və ona qarşı saxta cinayət işi açılıb”
“Milli Şura” nın sədri, professor Cəmil Həsənli də AİP liderinin karsa salınmasına münasibət bildirib və baş verənləri qətiyyətlə pisləyib: “ Bu haqsızlıqdır. Hacı Mövsüm Səmədova qarşı böyük haqsızlıq edilib və ona qarşı saxta cinayət işi açılıb. Bununla yanaşı Doktor Səmədov həbsxanada da incidilir. Onun karsa salınmasını pisləyirəm”.
 
Akif Nağı: “Hesab edirəm ki, həm hökumət, həm də hüquq müdafiə təşkilatları bu məsələ ilə ciddi şəkildə maraqlanmalıdır. İslam Həmrəyliyi ilində inanclılara qarşı bu cür təxribatların törədilməsi yolverilməzdir”
 
“Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı isə “İslaminSesi” nə mövzu ilə bağlı fikir bildirərkən bunları deyib: “Hacı Mövsüm Səmədovun həbsi və onun cəzaçəkmə müəssisəsində incidilməsi böyük haqsızlıqdır. Doktor Səmədov heç bir cinayət törətməyib ki, həbs olunsun. Bu bir tərəfə, üstəlik ona dinc şəkildə həbs müddətini çəkməyə imkan vermirlər. Hər cür təxribat törədirlər. Hesab edirəm ki, həm hökumət, həm də hüquq müdafiə təşkilatları bu məsələ ilə ciddi şəkildə maraqlanmalıdır. İslam Həmrəyliyi ilində inanclılara qarşı bu cür təxribatların törədilməsi yolverilməzdir. Əksinə həbsdə olan dindarlara ədalətli yanaşmalıdırlar. Bütün bunlar yolverilməzdir və cəmiyyətin diqqətində olmalıdır”. /

Google+ WhatsApp ok.ru