Bəzi lisenziyalar ləğv edildi

Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.
 
Maide.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.
 
İndiyə qədər neft və qaz məhsullarının satışı üçün Energetika Nazirliyindən 5500 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Eyni zamanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları, beynəlxalq sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, ölkədaxili yük daşımaları üçün 150 manat, beynəlxalq yük daşımaları üçün isə 200 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.
 
Siyahıya əsasən, bundan sonra maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üçün 1100 manat dövlət rüsumu ödənilərək İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alınmalıdır. 

Google+ WhatsApp ok.ru