Bəziləri cəzadan azad olacaq... - “Mini-amnistiya”

Bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə maraqlı dəyişikliklər edilir.
 
Dəyişiklikləri ümumi şəkildə "mini-amnistiya" adlandırmaq mümkündür, çünki onların qüvvəyə minməsindən sonra yüzlərlə adam cinayət məsuliyyətindən və cəzadan azad olunacaq, bəzilərinin cəzası xeyli yüngülləşəcək, bəziləri isə cəzadan azad olunmaq şansı qazanacaq.
 
Bunu hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
 
Ekspert fikirlərini əsaslandırmaq üçün nümunə də göstərib: "Məsələn, indiyədək oğurlanan əmlakın dəyəri 30 manatı aşanda bu, cinayət sayılırdı, bundan sonra həmin məbləğ 100 manata qaldırılır. Belə ki, 30-100 manat arası oğurluğa görə məhkum olunanlar avtomatik olaraq cəzadan azad olunacaqlar. İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq. Ümumiyyətlə, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlb etmə hədləri qaldırılıb. Məsələn, əvvəl 2000 manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20000 manatdan artıq vergidən yayınma cinayət sayılacaq".
 
Ə.Hüseynovun fikrincə, bundan əlavə, cinayət məsuliyyətindən azad olma imkanları da genişlənir: "Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda cinayət məsuliyyəti istisna olunur. Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur. Məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.".
 
Bununla belə, ekspert qeyd edib ki, bəzi əməllərin sanksiyası da sərtləşir, xüsusən, cərimə cəzaları bəzi hallarda artırılır. Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlb etmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya da artırırlır.
 
Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq: "Məsələn, əmtəə nişanından qanunsuz istifadə edən şəxs 2000 manatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 4000-80000 manat cərimə olunacaq".
 
Bundan sonra cibgirlərin də işi ağırlaşacaq: "Cibgir 100 manatdan çox talayarsa, azadlığını 3-7 illik itirə bilər. Əvvəllər isə buna görə canını maksimum 2 ilədək azadlıqdan məhrumetmə ilə qurtara bilirdi". (islaminsesi)
 

Google+ WhatsApp ok.ru