Bəzi ixtisaslar üzrə təhsil xərcləri artırılıb

Bəzi ixtisaslar üzrə təhsil xərcləri artırılıb

-- Bakalavriatda ən bahalı təhsil - dirijorluq, bəstəkarlıq...

Nazirlər Kabineti «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında» Qərarına dəyişiklik edib. Dəyişiklik bakalavriat, tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil alanlara düşən xərclərinin miqdarı ilə bağlıdır.
 
Dəyişikliklər Nazirlər Kabinetinin saytına daxil edilib.
 
Bakalavriat və tibb üzrə əsas təhsil səviyyələrində oxuyanların xərcləri əksər ixtisaslarda olduğu kimi saxlanıb. Təhsil xərcləri 1320-6820 manat arasında dəyişir.
 
Dəyişiklik kimya, ekologiya, coğrafiya, biologiya, hidrometeorologiya, geologiya, kompüter elmləri və fizika ixtisasları üzrə təhsil xərclərinə aiddir. İndiyədək həmin ixtisaslar üzrə xərc 1420 manat olub. Həmin məbləğ 1629 manata qədər artırılıb.
 
Bakalavriatda ən bahalı təhsil - dirijorluq, bəstəkarlıq...
 
Bakalavriat pilləsində ən bahalı təhsil instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrədir - 6820 manat.
 
Daha sonra rəngkarlıq, qrafika, heykəltəraşlıq ixtisasları gəlir. Həmin ixtisaslar üzrə təhsil xərci 5000 manat təşkil edir.
 
Bakalavriat pilləsində ən ucuz Azərbaycan dili, ədəbiyyatı, başqa fənlər müəllimliyi, dünya iqtisadiyyatı, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarıdır.
 
Magistratura və rezidentura səviyyələrində təhsil xərclərinin miqdarı da ciddi ölçüdə dəyişməyib. Əksər ixtisaslarda əvvəlki məbləğlər saxlanıb. İdman və bədən tərbiyəsi ixtisaslarının xərcləri 2000 manata qaldırılıb. Əvvəllər bu məbləğ 1670 manat idi.
 
Ən ucuz başa gələn ixtisaslar - dövlət idarəetməsi, müəllimlik...
 
Dəyişiklik həmçinin, magistratura səviyyəsinə yeni ixtisasların əlavə edilməsini nəzərdə tutur. Yeni əlavə edilən ixtisaslar arasında davamlı inkişaf idarəçiliyi, dövlət və ictimai münasibətlər, informasiya təhlili fəaliyyəti ixtisasları var. Həmin ixtisaslar üzrə təhsil xərci 1380-1680 manat arasında dəyişir.
 
Magistratura və rezidentura səviyyələrində ən çox xərc rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə tələb olunur. Bu ixtisaslar üzrə bir şəxsin xərci 5000 manat müəyyən edilib.
 
Bakalavriatda olduğu kimi, magistratura və rezidentura səviyyələrində də müəllimlik, biznesin, dövlət və bələdiyyənin idarəetməsi ixtisasları üzrə təhsil ən ucuz başa gəlir - 1380 manat…
 
Azərbaycan ali məktəblərində tələbələrin 70 faizindən çoxunun ödənişli əsaslarla təhsil aldığı bildirilir.
 

Google+ WhatsApp ok.ru