Bəhreyndə yeni etiraz dalğası: seçkilər baykot edildi

Bəhreyndə yeni etiraz dalğası: seçkilər baykot edildi

bir sıra siyasi fəallar hökumət qüvvələri tərəfindən həbs edilib

Bəhreyndə şənbə günü (24 noyabr) keçiriləcək parlament və bələdiyyə seçkiləri xalq tərəfindən baykot edilir. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin müxalifət qüvvələri xalqı seçkilərdə iştirak etməməyə çağırıb. Eyni zamanda dini liderlər seçkini haram elan edib. 
 
Bəhreynin ən əsas müxalifət qruplarından olan “Əl-Vifaq” və “Əl-Əhd” partiyaları  baykot məsələsində xüsusi fəallıq göstərib. 
 
“Əl-Vifaq” cəmiyyətinin baş katibinin müavini Şeyx Hüseyn əl-Dihi bildirib ki, Bəhreyndə seçkilər formal xarakter daşıdığından  onlar bu addımı atıb. “Bu bizim, eyni zamanda  Bəhreyndəki digər demokratik qüvvələrin ortaq qərarıdır.  Baykot təcrübəsi  bütün demokratik və sivil cəmiyyətlərdə mövcuddur. Odur ki, biz də siyasi mübarizəmizi bu yolla aparırıq.”
 
Qeyd edək ki,  baykot qərarından sonra bir sıra siyasi fəallar hökumət qüvvələri tərəfindən həbs edilib. 
 
Əhalisinin yarıdan çoxunun şiələrin təşkil etdiyi Bəhreyndə keçiriləcək seçkiləri qiymətləndirən ekspertlər hesab edir ki,  baykot baş verərsə seçki prosesi faydasız və səmərəsiz olacaq. 
 
Xatırladaq ki, 2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyaları keçirilir. 
 
Bəhreyn vətəndaşlıqdan məhrumetməyə görə dünyada birinci yerdədir. Statistikaya görə bu ölkə rejimi son bir ildə 250 nəfəri vətəndaşlıqdan məhrum edib.
 
Ali-Xəlifə rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır.

Google+ WhatsApp ok.ru