Bəzi məhbuslar Mehman Hüseynova görə 'aclıq aksiyasına başlayır'

Bəzi məhbuslar Mehman Hüseynova görə 'aclıq aksiyasına başlayır'


Həbsxanada olan keçmiş ictimai-siyasi fəallar video bloqçu Mehman Hüseynova dəstək üçün aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, "heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimin anası Şura Əmiraslanova BBC News Azərbaycancaya bildirib ki, İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı bu gündən aclıq aksiyasına başlayırlar.

Şura Əmiraslanova deyib ki, onlar Mehman Hüseynovla bağlı vəziyyətin "bir gün onları da gözləyə biləcəyindən" narahatdırlar.

Penitensiar Xidmət isə onlara aclıq aksiyası ilə bağlı məhbusların ərizə ilə müraciət etmədiklərini bildirib.

Video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir. /BBC/

Google+ WhatsApp ok.ru