'Bəzi bankların bağlanması aktuallaşa bilər'

'Bəzi bankların bağlanması aktuallaşa bilər'

“Yenisabah.az” saytı-nda “Azərbaycan banklarında nə baş verir? – “Bağlanma aktuallaşa bilər” sərlövhəli yazı oxumaq olar.
 
Müəllif ölkənin bank sistemindəki mövcud vəziyyəti iqtisadçı Natiq Cəfərli ilə təhlil edib.
 
“Əslində, ölkənin bank sektoru ilə bağlı təlatümlər artıq 4 ildir ki, davam edir. Bu, 2015-ci ildə başlandı. Əsasən də 2015-ci ilin fevral devalvasiyasından sonra təlatüm və bank sektorundakı problemlər artdı. Bu gün də davam edir”, deyə iqtisadçı vurğulayıb.
 
Natiq Cəfərlinin fikrincə, Azərbaycan Beynəlxalq Bankının borclarını dövlət öz üzərinə götürsə də problemlər hələ də qalır:
 
“Bura külli miqdarda vəsait xərcləndi, daxildəki 10 milyard manata yaxın passiv aktivləri dövlət öz üzərinə götürdü. Xarici borcunun isə 3,2 milyard dollarını öhdəsinə götürdü... Amma bu günə qədər bilinmir ki, həmin pullar hara və necə xərclənib? 10 milyard manatlıq borc geri qayıdacaqmı? “
 
​İqtisadçı hesab edir ki,bu il banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı prezident fərmanı ilə problemli kreditlər məsələsi böyük ölçüdə öz həllini tapıb. Onun fikrincə bu məsələdə də banklara ciddi dəstək verilib.
 
N.Cəfərlinin fikrincə, indi problemlər kreditlərə qoyulan yüksək fazilərlə bağlıdır:
 
“Faizlər çox yüksəkdir. Faizlərin yüksək olması isə bankların həm gəlirliliyinə təsir göstərir, yəni kreditlərə maraq azalır, əsasən də biznes kreditlərinə, həm də növbəti problemli kreditlərin yaranma ehtimalını yüksəldir”.
 
Bankların birləşməsi prosesinin baş vermədiyini deyən ekspert hesab edir ki, kiçik bankların problemi bir müddət sonra yenidən bu məsələni aktuallaşdıracaq:
 
“Çünki passivlər aktivlərdən çoxdursa, sadə dillə desək, verəcəkləri alacaqlarından çoxdursa, bir müddət sonra problem idarəolunmaz hala gələ bilər. Ona görə düşünürəm ki, yaxın gələcəkdə bank sektorunda növbəti təmizləmə, sağlamlaşdırma əməliyyatı həyata keçirilə bilər. Bəzi bankların ya bağlanması, ya birləşdirilməsi yenidən aktuallaşa bilər”.
 

Google+ WhatsApp ok.ru