Bədbəxtliklər gətirən 9 günah

Bədbəxtliklər gətirən 9 günah

“Kumeyl” duasında oxuyuruq:

اَللّـهُمَّ اغْفِـرْ لِي الذُّنُوبَ الَّتي تُنْزِلُ النِّقَمَ

“Əllahumməğfir liyəz-zunubəlləti tunzilun-niqəm.” – İlahi, cəzaları, bədbəxtlikləri endirən günahlarımı bağışla!

İlahi, danlaq və məzəmmət gətirən günahlarımı bağışla!

“Məanil-əxbar”da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:

1. Zülm və haqsızlıq etmək:

İmam Sadiq (ə) buyurur: “Mömində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm.” (“Biharul-ənvar”, c.72, səh.273.)

2. Başqalarının hüququna təcavüz etmək:

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir.” (“Biharul-ənvar”, c.72, səh.273.)

Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qurani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məsuliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəlabidinin (ə) “Hüquq risaləsi”dir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.

3. Allahın bəndələrini istehza etmək:

İnsanların geyimini, yoxsulluğunu, əqidəsini, sənətini istehza və masqara etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı masqaraya qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid masqara edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir. “Bəqərə” surəsinin 14-cü ayəsində oxuyuruq: “Onlar möminlərlə qarşılaşdıqları zaman “biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə “biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər.”

İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət zamanı bir nida ucalar: “Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: “Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dinini masqara edənlərdir.” Sonra əmr olunar ki, onları Cəhənnəmə atsınlar.”

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah-Taala buyurur: “Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.” (“Kafi”, c.2, səh.351.)

Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.

4. Əhdi pozmaq:

Əhd-peyman və ona vəfa etmək Qurani-Məcid və Əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani bir həqiqətdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır. “Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin. “Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır. “İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır. “Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: Ey iman gətirənlər, əhdlərə sadiq olun.

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir, hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.” (“Kafi”, c.2, səh.290.)

5. Aşkar şəkildə günah etmək:

Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır. (“Ənam”/151). Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.

Mömin insanlar, xüsusilə, ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu mikrob kimi xalqın, xüsusi ilə də, gənc nəslin həyatını məhv edir. Əmr be məruf və nəhy əz münkərin – yaxşıya dəvət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər təlim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz.

6. Yalanı açmaq:

İslam Peyğəmbəri (s), İmam Sadiq (ə) və İmam Rza (ə) yalanı ən böyük günahlardan hesab etmişlər. (“Kafi”, 2-ci cild, səh-338). Yalanın ən çirkini Allah, Peyğəmbər (s) və İmam (ə) adından yalan danışmaqdır. Çünki bu yalanlar böyük kütlələri doğru yoldan azdırır.

Əziz oxucular, Qurani-Kərimin bu müqəddəs şüarına haqq verin: Yalançılara Allahın lənət etməsini diləyək.” (“Ali-İmran»/61.)

Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz. (“Zumər”/3.)

İslam Peyğəmbəri (s) və onun Əhli-beytinin (ə) yalan haqqında göstərişlərini unutmayın. Həzrət Peyğəmbər (s) buyurur: “Sizə ən böyük günahdan xəbər verimmi? Allaha şərik qoşmaq, ata-ana ilə pis rəftar, yalan danışıq”; “Ən pis danışıq yalan danışıqdır”; “Yalan danışanın kişiliyi hamıdan aşağıdır.”

İslam Peyğəmbərindən (s) soruşdular ki, «mömin qorxaq ola bilərmi?» Həzrət (s) buyurdu ki, bəli. «Soruşdular ki, xəsis ola bilərmi?» Buyurdu ki, bəli. Soruşdular ki, mömin yalançı ola bilərmi? Həzrət buyurdu: “Xeyr!” (“Biharul-ənvar”, c.69, səh.262.)

İmam Sadiq (ə) buyurur: “Allah-Taala pisliklər üçün qıfıl qərar verib. Bu qıfılların açarı şərabdır. Yalan şərabdan da pisdir.” (“Biharul-ənvar”, c.69, səh.261.)

Dini maarifdə deyilir ki, yalançı fasiq, günahkardır. Mələklər yalançıya lənət yağdırır. Yalançının nəfəsi üfunət, özü imansız, üzü qaradır. O, Allahın qəzəb və lənətinə düçardır. Yalançı ən böyük günahkarlardandır və münafiqdir. Onunla dostluq və yoldaşlıq yaramaz. İlahi hidayətdən məhrum olan yalançı zahirdə insan, daxildə əti haram olan heyvan kimidir!

7. Allah hökmünün ziddinə mühakimə etmək:

İnsanı əzaba düçar edən günahlardan biri də hakimin Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazı ilahi hökmü bildiyi halda, kimisə razı salmaq üçün bu hökmün ziddinə qərar çıxararsa, kafir, zalım və fasiqdir. (“Maidə”/44-45-47.)

Allahın hökmünü rədd etmək küfr, kimisə haqqından məhrum etmək zülm, iman dairəsindən çıxmaq isə günahdır. İmam Sadiq (ə) buyurur: “Hər kəs iki dirhəmə görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.” (“Günahane-kəbirə”, c.2, səh.365.)

8. Zəkat ödəməmək:

Vacib olmuş zəkatdan boyun qaçırmaq ağır günahdır. Əksər Quran ayələrində namazın ardınca zəkata işarə olunur. Bu ardıcıllıq bir daha zəkatın əhəmiyyətini göstərir. Zəkatı tərk etmək namaz və həccin tərk edilməsi kimidir. Zəkat hökmünü inkar edən şəxs kafir olur. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Zəkat varlıların imtahana çəkilməsi və möhtacların ehtiyacının ödənməsi üçün vacib oldu. Əgər hamı zəkat ödəsəydi, bir müsəlman belə möhtac qalmazdı. Bir çox insanların səfalət içində yaşamasının səbəbkarı zəkat ödəməyən varlılardır. Malının zəkatını ödəməyən kəsin ilahi rəhmətdən faydalanması rəva deyildir. Yalnız zəkat ödənmədiyi üçün kimlərinsə var-dövləti tələf olur.” (“Vəsailuş-şiə”, c.9, səh.12.)

9. Ölçüdə, çəkidə əskik satmaq:

Ölçüdə və çəkidə əskiklik, müştərini və şəriki aldatma Quran ayələri və Əhli-beyt (ə) hədislərinə görə haram və böyük günahdır. Qurani-Kərimin 114 surəsindən biri olan “Mutəffifin” surəsi bu mövzuya həsr olunmuşdur. Bu surədə oxuyuruq: Vay halına çəkidə ölçüdə aldadanların; o kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar; xalq üçün bir şey ölçdükdə çəkdikdə isə onu əskildərlər; məgər onlar diriləcəklərini düşünmürlərmi?! Özü dəhşətli bir gündə! O gün bütün insanlar aləmlərin Rəbbi olan Allahın hüzurunda duracaqlar! Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri Siccindədir!” (“Mutəffifin”, ayə 1-7.)

İslam Peyğəmbəri (s) buyurur: «Beş şey beş şeylə yanaşıdır: qövmlər əhd-peymanı pozdular və Allah-Taala düşmənləri onlara qalib etdi, zina kimi çirkin günaha batdılar və ölüm onların sorağına gəldi, Allah hökmünün ziddinə hökm verdilər və fəqirliyə tuş gəldilər, zəkat ödəmədilər və yağışdan məhrum oldular, ölçüdə və çəkidə aldatdılar və quraqlığa məhkum edildilər.» («Kumeyl duasının şərhi», Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.87-99.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru