İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ-2

İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ-2

İbadətin düzgünlük və qəbul şərtləri ilə yanaşı, kamillik şərtləri də var. Bu şərtlər ibadətin daha dəyərli, daha təsirli olmasına səbəb olur:

1. Çətinliyi olsun:

Asan ibadətlər hamının əlindən gəlir. Lakin daha çox iradə, əziyyət tələb edən çətin ibadətlər daha dəyərlidir və kamilliyə daha yaxındır. Quran çətin vaxtlarda Allahın peyğəmbərinə kömək edən şəxsləri mədh edir. (Bax: “Tövbə” surəsi, ayə 117.)

İmam Həsən (ə) minik olmasına baxmayaraq, daha çox mükafat əldə etmək üçün həccə piyada gedirdi. Quran yumşaq və isti yataqdan ayrılıb raz-niyaz və namaza başlayanları tərif edir. (Bax: “Səcdə” surəsi, ayə 15.)

İmam Əli (ə) buyurur: Ən üstün özünü vadar etdiyin işdir.” (“Qisarul-cuməl”, c.2, səh.74.)

Qurani-Kərim çox çalışan və böyük mücahidlərin məqam və mükafatının daha üstün olduğunu bildirir: Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”

2. Əhəmiyyətli olsun:

Əhəmiyyətli işlər görmək ağıl, uzaqgörənlik və xeyir tanıma nişanıdır. İslam daha faydalı və daha mühüm olan işlərə çağırır. İstər elm öyrənməkdə, istər ibadətdə, istərsə də infaqda! İslam Peyğəmbəri (s) buyurur: Ehtiyaclı yaxınlar olan halda özgələrə kömək dəyərsizdir.” (“Nəhcül-fəsahə”, səh.522.)

İmam Əli (ə) buyurur: Müstəhəb namazlar vacib namazlara ziyan yetirərsə, Allaha yaxınlığa səbəb olmaz.” (“Əl-həyat”, c.1, səh.318.)

3. Daimi təsirə malik olsun:

İnsan əməlinin faydası onun bərəkətindədir. Daimi təsirli ibadətlər kamil ibadətlərdir. Bəzi kiçik işlər bəzi böyük işlərdən daha çox inkişafa səbəb olur. Bəzi müqəddimələr bir çox əsərlərdən daha çox təsirli və bərəkətlidir. Demək, bərəkət ibadətin kamillik şərtlərindəndir.

4. Peyğəmbər (s) xəttində olsun:

Xalqın istəyinə və mühitin tələbinə uyğun, ata-babalardan irs qalmış şəkildə ibadətlər yox, din övliyaları və Peyğəmbər (s) sünnəsi xəttində olan ibadətlər kamildir. İbadət hər nə qədər məsumların üsuluna yaxın olarsa, bir o qədər dəyərlidir.

5. Öncüllük:

İbadət və yaxşı işlərdə öncüllük dəyərdir. Bu qəbil işlərdə önə keçmək kamillik meyarıdır. Quran təkrar-təkrar “sariu” (tələsin) və “sabiqu” (ötün, keçin) göstərişi verir. Quran buyurur: Sizlərdən fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) infaq edənlər vuruşanlar (başqaları ilə eyni deyillər). Onlar (mallarını Allah yolunda) fəthdən sonra infaq edib döyüşənlərdən dərəcə etibarı ilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur.” (“Hədid” surəsi, ayə 10.)

Demək, yaxşı işlərdə (infaq və cihad) öncüllük kamillik meyarıdır. İmam Əli (ə) buyurur: Xeyir üç halda daha dəyərli olur: sürətlə görüldükdə, görülmüş işi kiçik hesab etdikdə (qürrələnmədikdə) gizli şəkildə olduqda.” (“Qisarul-cuməl”, c.2, səh.30.)

Buna görə də, ən yaxşı namaz vaxtında qılınan namazdır. Vaxtında qılınmayan namazın fəziləti də azalır. Bizim rəsmi şüarımız sayılan azanda deyirik: “Namaza, səadətə və yaxşı işlərə doğru tələsin!”

6. Çətin şəraitdə ibadət:

Zülmkar hakimiyyət altında edilən ibadətlər daha çox fədakarlıq tələb etdiyi üçün yüksək təsirə və dəyərə malikdir. İbadət və bəndəliyə mane olan xarici mühit və daxili istəklər əl-ələ verərkən onlara qalib gəlmək və Allaha pərəstiş etmək dəyər və kamillikdir. Qurani-Kərim həqiqi möminləri belə mədh edir: Allah yolunda vuruşar heç kəsin tənəsindən qorxmazlar.” (“Maidə” surəsi, ayə 54.)

Onlar Allahın hökmlərini çatdırar, Ondan çəkinər Allahdan başqa heç kəsdən qorxmazlar.” (“Əhzab” surəsi, ayə 39.)

Bəli, zalım hökumət və günahkar mühitdə özlərini və dinlərini qoruyanlar (məsələn, Fironun arvadı) yüksək məqam sahibləridir.

7. Həvəslə davamlı olmalı:

Həvəssiz ibadət münafiqlik nişanəsidir. Quran münafiqləri təsvir edərkən onların namaz zamanı həvəssiz olduqlarını bildirir: Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar...” (“Nisa” surəsi, ayə 142.) Lakin bəndəliyə həvəs dəyərdir. Davamlı ibadət kamillik səbəbidir. Hədislərdə az, eyni zamanda daimi olan əməllərin könülsüz və müvəqqəti yerinə yetirilən çox əməllərdən üstün olduğu göstərilir. Qurani-Kərim İslam dinində möhkəm olanlara elm, düşüncə və sair sahələrdə faydalar və mükafatlar vəd edir: Əgər doğru yolda sabit qalsaydılar, biz onlara bol yağış verərdik...” (“Cinn” surəsi, ayə 16.)

8. İbadəti böyük saymamaq:

Məğrur insanlar ibadətlərini böyük və əhəmiyyətli sayırlar. Bu isə əməllərin puçluğuna səbəb olur. Abidin öz ibadətini böyük zənn edib qürrələnməməsi ibadətin kamillik şərtlərindəndir. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan belə istəyir: İlahi, mənə ibadət tövfiqi ver ibadətlərimi təkəbbürlə puç etmə.”

Bir çox hədislər göstərir ki, insan yaxşı işlərini və ibadətlərini böyük hesab etməməlidir. Allah-Taala Quranda mələklərin çox təsbihini, ibadətini və daimi zikrlərini yad edir ki, insanlar bir neçə rükət namaz və kiçik ibadətləri ilə qürrələnməsinlər. (Bax: “Ənbiya” surəsi, ayə 20.)

9. Bəsirətli olmalı:

Dində düşüncə, bəsirət və agahlıq əməllərin və ibadətlərin dəyər nişanəsidir. Agahlıq və bəsirət olmadan əməllər lazımi qədər dəyərli ola bilməz. İmam Əli (ə) buyurur: Düşüncə bəsirətsiz ibadət dəyərsizdir.” (“Üsuli-kafi”, c.1, səh.36.)

Başqa bir hədisdə “yəqin” təbiri bəyan olunur: Yəqinəsasında az olan, lakin həmişəlik olan əməl Allah yanında bəsirətsiz yəqinsiz çox əməldən üstündür.” (“Üsuli-kafi”, c.1, səh.57; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.35-39.)

Hazırladı: Maide.az

 

İLK YAZINI BURADAN OXUYA BİLƏRSİZ 

Google+ WhatsApp ok.ru