İbadətlərimizlə qürrələnməyək!

İbadətlərimizlə qürrələnməyək!

Allaha doğru - 6

Öncəki yazını BURADAN oxuya bilərsiz!

 

Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır. Bu bəladan necə uzaqlaşmalı? Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:

1. Həqiqətən ibadət etmişikmi?

Bəzən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bəzən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Quran bəzi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.”[1] O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirlər.”[2] Pis əməlləri onlara gözəl görünmüşdür.”[3]

2. İbadətlərimiz qəbul olurmu?

İbadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.[4]

İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!

3. İbadətlərimiz puç olmayıbmı?

Bəzi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?![5]

4. Aqibətimiz gözəl olacaqmı?

Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük nemətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: Mənim canımı müsəlman olaraq al.”[6]

Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”[7]

Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Quran bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir.[8]

Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?! Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!

5. İbadətlərlə nemətləri müqayisə etmək

Hər bir şeyimiz Allah tərəfindəndir. Sağlamlıq, imkanlar, ruzi və hər bir nemət Allahın lütflərindəndir. İbadət tövfiqi də ilahi nemətdir. Allahın nemətlərinə qərq olmuşuq. O, bizi səadətə çatdırmaq üçün dəvət edir, elçi göndərir, həvəsləndirir, vasitə verir, istənilən yaşda və istənilən şəraitdə qəbul edir. O, qaçanları da qəbul edir, təkrar dönüşlər və hacətlərdən yorulmur, layiq olmayan ibadətləri qəbul edir, ucuz əməlləri baha alır, eybləri örtür və başqa-başqa yüzlərlə nemətlər verir. İbadətlərimizi ilahi nemətlər qarşısında necə böyük sayaq?!

6. İbadətlərlə günahların müqayisəsi

İbadətlərimiz, yoxsa günahlarımız çoxdur? Quranda dəfələrlə belə buyurulur: Hara gedirsiniz?!”[9] Hansı namaz və ibadətimiz günahlarımızın, üsyanımızın, səhlənkarlıq və etinasızlığımızın qarşısını ala bilər?

İmam Səccad (ə) bir duada deyir: Pərvərdigara! Mən bir bunca günahlardan, qəflətdən həddi aşdıqdan sonra nafilələr müstəhəblərlə Sənə necə yol tapım?”[10]

7. İbadətlərlə ehtiyacların müqayisəsi

İbadətlər axirət yolunun azuqəsidir. Qabaqda uzun və çətin yol durub. Görən bu ibadətlər uzun axirət yoluna kifayət edib ehtiyaclarımızı ödəyəcəkmi? İmam Əli (ə) uzaq yol üçün az miqdar azuqəyə görə ah çəkmirdimi?!

Allaha və Onun nemətlərinə dünyadan çox qəbirdə, bərzəxdə, məhşər və axirətdə ehtiyaclı olacağıq. Görən ibadətlərimiz bu qədər ehtiyacları ödəyəcəkmi?

Əbu-Dərda deyir: Peyğəmbər məscidində Rizvan və Bədr əhlinin əməlləri barəsində söhbət gedirdi. Mən dedim: “Əlinin (ə) təqvası və ibadəti hamıdan çoxdur.” Bu söz onlara xoş gəlmədi və mən şahid olduğum bir xatirəni nəql etdim:

Bir gecə həzrət Əlinin (ə) xurmalıqda gizləndiyini gördüm. Onu izlədim, lakin gözdən qaçırdım. Evə getdiyini fikirləşdim. Lakin ah-nalə səsi eşitdim. O deyirdi: “Ah, o günahlara görə ki, mən Səni unutdum, lakin Sən mənə tövbə yazdın... Ah, o yandırıcı oda görə və...” O qədər ağladı ki, huşunu itirdi. Dünyadan getdiyini fikirləşdim. Xəbər vermək üçün Zəhranın (s) evinə getdim. Buyurdu: “Əlinin (ə) bu halı Allah qorxusundandır.” Sonra su gətirdim və Əli (ə) huşa gəldi. Mən də ağladım. Özünə gələn kimi dedi: “Ey Əbu-Dərda! Qiyamətdə hesaba çağrılacağım və günahkarların ilahi əzaba yəqin edəcəkləri gün məni necə görürsən?”[11]

Bəli, böyük ehtiyaclar qarşısında layiqsiz ibadətlərlə qürrələnmək bir daha Allahın rəhməti müqabilində qəflətdir.

8. İlahi övliyaların ibadətləri ilə müqayisə

Bizim ibadətlərimiz Allahın övliyalarının ibadətləri ilə müqayisədə çox naqisdir. Onlar məsum olmalarına, ibadət və bəndəlikdə bütün dövrlərin qabaqcılları hesab olmalarına baxmayaraq, daim Allahı düşünüb Onun dərgahında ibadət edirdilər. Bizim kimi günahkar və ehtiyaclı insanlar daha çox ibadət etməlidir. İlahi övliyaların ibadətlərini araşdırıb, onlar haqqında düşünmək bizi namaz və dualarımızla qürrələnməkdən saxlayır. İndi isə bir neçə nümunəyə işarə edirik:

Allahın Rəsulu (s) çox ibadət edib özünü əziyyətə saldığı üçün bu ayə nazil oldu: Ta, ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”[12]

İmam Həsən Müctəba (ə) buyurur: Dünyada həzrət Fatimədən (s) çox ibadət edən kəs yoxdur. O qədər ibadət edirdi ki, ayaqları şişirdi.”[13]

İmam Baqir (ə) buyurur: “İmam Zeynəlabidin (ə) Əmirəlmöminin Əli (ə) kimi gecə və gündüz min rükət namaz qılırdı. Onun 500 cavan xurma ağacı vardı. Hər ağacın yanında iki rükət namaz qılırdı.”[14]

İmam Baqir (ə) nəql edir: “Yanına daxil olduqda atam imam Zenəlabidinin (ə) rənginin dəyişdiyini, ayaqlarının şişdiyini, gözlərinin saraldığını və alnında səcdə izi qaldığını görüb ağladım. Məni görən kimi buyurdu: Fılan yazını gətir! Yazıda imam Əlinin (ə) ibadətlərindən bir az oxuyub buyurdu: Əli (ə) kimi kim ibadət edə bilər?!”[15]

İmam Kazimin (ə) zindanda bəzən bir səcdəsi sübhdən günortayadək çəkirdi. Həzrət (ə) bir parça tək yerə sərilirdi.[16]

Əgər uca məsumlar daim ibadətlərinin naqisliyini etiraf edirlərsə, bizim ibadət adlandırdığımız əməllərimizlə qürrələnməyimizin yeri yoxdur. Bizim ibadətlərimizlə ilahi övliyaların ibadətləri arasında yerlə göy arası fərq var. Belə isə, nə üçün qürrələnək? (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.13-16.)

Maide.az

 


[1] “Fatir” surəsi, ayə 8.

[2] “Kəhf” surəsi, ayə 104.

[3] “Tövbə” surəsi, ayə 37.

[4] “Maidə” surəsi, ayə 27; “Tövbə” surəsi, ayə 53.

[5] Bax: “Hud” surəsi, ayə 16; “Furqan” surəsi, ayə 23.

[6] “Yusuf” surəsi, ayə 101.

[7] “Ali-İmran” surəsi, ayə 193.

[8] Bax: “Ə’raf” surəsi, ayə 128; “Hud” surəsi, ayə 49; “Qəsəs” surəsi, ayə 83.

[9] “Təkvir” surəsi, ayə 26.

[10] “Səhifeyi-Səccadiyyə”, gecə namazından sonranın duası.

[11] “Biharul-ənvar”, 41-ci cild, səh.12.

[12] “Taha” surəsi, ayə 1 və 2; mənbə: “Biharul-ənvar”, 16-cı cild, səh.202; “Təfsiri-Nurus-səqələyn”, 3-cü cild, səh.366.

[13] “Biharul-ənvar”, 43-cü cild, səh.61.

[14] “Biharul-ənvar”, 4-cü cild, səh.64.

[15] “Biharul-ənvar”, 46-cı cild, səh.75.

[16] “Biharul-ənvar”, 48-ci cild, səh.107.

 

Google+ WhatsApp ok.ru