Bağdadda şiə məscidinin yaxınlığında ölümcül partlayışlar törədilib

Bağdadın cənubunda yol kənarında bir bombanın partladılması və şiələrə məxsus bir məscidin yaxınlığında kamikadzenin özünü partlatması nəticəsində ən azı 9 nəfər ölüb və 19 nəfər isə yaralanıb.
 
Maide.az-ın məlumatına görə, İraqın təhlükəsizlik və səhiyyə orqanlarının rəsmiləri bu xəbəri təsdiq edərək bildiriblər ki, bomba partlayışları cümə günü Yusifiyyə məhəlləsində yerləşən İmam Rza (ə) məscidinin yaxınlığında baş verib.
 
Yol kənarındakı bomba namaz qılanlar məscidi tərk edərkən işə düşüb, kamikadze isə özü ilə daşıdığı bombanı təhlükəsizlik qüvvələri hadisə yerinə çatdıqda partladıb.
 
Terror aktlarında ölənlərin dəqiq sayı hələlik bilinmir, lakin bu hadisə nəticəsində bir neçə təhlükəsizlik orqanları əməkdaşının həyatını itirdiyi bildirilib.
 
Hələlik hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, İraqda şiələrə qarşı bu tip hücumları bir çox hallarda təkfirçi İŞİD terrorçuları və təriqətçi radikal qruplaşmalar həyata keçirirlər.
 
Bu partlayışlar, bir həftə əvvəl İŞİD terror qruplaşması tərəfindən Bağdadda şiələrə qarşı etdiyi hücumlarda ən azı 19 nəfərin həyatını itirməsindən sonra törədilib./

Google+ WhatsApp ok.ru