Baş direktor: `Zəlzələ baş verən gün Şəkidə 50-dən çox avtoşok qeydə alınıb`

"Zəlzələ hər zaman insanları təşvişə salır. Sentyabrın 4-də Şəkidə baş verən zəlzələ də bu qəbildən oldu. Qeyd edim ki, Şəkidə seysmik stansiyamız var. Həmin gün qeydə alınan təkanlar Oğuza doğru episentrdə baş vermişdi. Rixter cədvəli üzrə 5,9-a bərabər idi". Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair keçirdiyi mətbuat konfransında deyib.
 
Mərkəzin direktoru bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, orada əlavə cihazların quraşdırılması, işçilərin ezam olunması işləri həllini tapıb: "Hazırda əməkdaşlarımız dağıntılar və baş verən digər halların araşdırılması işləri ilə məşğuldurlar". 
 
Report xəbər verir ki, "Güclü zəlzələ olduğundan, ocaqda avtoşokların dayanması mümkün deyil. Sakitləşmə müəyyən vaxt tələb edir. 16 km dərinlikdə soltərəfli yerdəyişmə olub. Sıxılma nəticəsində ani olaraq parçalanma baş verib. 7 baldan sonra 50-dən çox zəif avtoşoklar baş verib. Bəzi hallarda xırda təkanlarla enerji boşalması olub. Tam əminliklə deyə bilərəm ki, yenidən həmin yerdə və həmin gücdə zəlzələ olması bəlkə də sıfra bərabərdir. Zonada gedən proses onu deməyə əsas verir ki, bir də 6 baldan yuxarı heç nə ola bilməz. Ona görə də insanların qorxmasına heç bir səbəb yoxdur", deyə Q.Yetirmişli söyləyib.

Google+ WhatsApp ok.ru