Bahalaşan daş bazarı və ...

Bahalaşan daş bazarı və ...

"Modern.az" saytında  "Daş bazarında ciddi bahalaşma olub- səbəblər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif son zamanlar tikinti materialları bazarında bahalaşmanın səbəblərini Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovla müzakirə edib.
 
Yazı müəllifinn deməsinə görə, son zamanlar tikinti materialları bazarında bahalaşma müşahidə edilir və bu, xüsusilə mişar daşının qiymətində nəzərə çarpır.
 
Müəllifə görə, tikinti üçün mişar daşı ölkədə istehsal olunduğu halda qiymət artımının hansı səbəbdən baş verdiyi maraq doğurur.
 
Məqalə müəllifi bir müddət öncə bir ədəd mişar daşının 40-42 qəpiyə satıldığı halda hazırda 48-50 qəpiyə satıldığını bildirir.
 
Daş bazarında bahalaşmanı Nüsrət İbrahimov da "modern.az"a açılqamasında təsdiqləyir: "Bəli, tikinti materialları bazarında son ayda ciddi bahalaşma var. Ümumi tikinti materialları bazarı üzrə artım indeksində 0,43 faiz, orta qiymətdə isə 5,94% bahalaşma müşahidə edilir. Daş materiallarında 1,6 faiz artım var, tikinti kərpicində 7, 7 faiz, DVP-də 1 faizə yaxın, armaturda 9,1 faiz, alçipanda 2 faiz artım var. Əsas artım daş materialları və armaturda müşahidə edilir".
 
N.İbrahimiovun deməsinə görə, tikinti materialları bazarında qiymətlərin artması evlərin qiymətinə təsir etməyəcək: "Ümumi tikinti materialları bazarında 5 faiz artım varsa, bu, ümum satışa 0,3 faiz təsir edir. Yəni, inşaat mallarının bahalaşması evlərin qiymət artımına gətirib çıxarmır. Bu təsir o zaman özünü göstərər ki, tikinti materialları bazarında 20-30 faiz artım baş versin".
 
Cəmiyyət rəhbərinə görə, tikinti materialları bazarında qiymət artımının bir neçə səbəbi var:
 
N.İbrahimov hesab edir ki, birinci səbəb daş sexlərində vergidən yayınma hallarının qarşısının alınmasıdır, belə ki, indi həm Vergilər Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onların dəqiq uçotunu aparır, bu, birinci amildir.
 
N.İbrahimov vurğulayır ki, vergiyə cəlb olunmaq son nəticədə həmin məhsulun maya dəyərinə təsir edir, qiymət artımı qaçılmaz olur.
 
AQC sədri deyir ki, ikinci amil payız, yağış amilidir, payızda hava sərtləşir və bu da tikinti materiallarının istehsalına öz təsirini göstərir.
 
N.İbrahimova görə, üçüncü amil isə elektrikdən istifadədir, belə ki, daş karxanaları əvvəllər elektrik enerjisindən oğurluq istifadə edirdilərsə, son vaxtlar bunun da qarşısı alınıb, bu da maya dəyərinə təsir edən məsələlərdəndir.
 
N.Ibrahimov deyir ki, daha bir amil son zamanlar bəzi karxanaların fəaliyyətini müvəqqəti və yaxud daimi dayandırmasıdır, bu da istehsalçıların sayında azalmaya səbəb olur və təbii ki, qiymətə öz təsirini göstərir.
 

Google+ WhatsApp ok.ru