Bahalaşma bahalaşma törədir

Bahalaşma bahalaşma törədir

"Azadlıq.info"da "Bizi böyük bahalaşma gözlәyir" sərlövhəli məqalə oxumaq olar.
 
İqtisadçı-ekspert, Nemət Əliyev qarşıda Azərbaycanı böyük bahalaşma gözləməsi iddiasını gündəmin müzakirəsinə daşıyır.
 
"Sentyabr ayının 1-dən əməkhaqlarına gözlənilən artımlar (bu il iyunun 18-də minimum əmək haqlarının 180 manatdan 250 manata qaldırılması haqda sərəncam nəzərdə tutulur.-red) böyük bahalaşmanı gündəmə daşıyıb, yerli istehsalda yaşanan problemlər isə bahalaşmanı daha da aktuallaşdırıb", - ekspert iddia etdiyi gözlənilən bahalaşmann səbəblərini belə izah edir.
 
Ekspert deyir ki, bahalaşma çox aktuallaşıb, xaricdən gətirilən mallar əmtəə bazarlarında ümumi qiymətləri 15 faizdən çox artırıb, daxili bazarlara yerli mal təklifi 13 faizə qədər azalıb və yerli malların 5 aylıq ticarətindən itkilər 2,7 milyard manata yüksəlib.
 
Müəllif deyir ki, hətta elektrik enerjisinin, təbii qazın qiymətləri də qalxa bilər, Dövlət Neft Şirkəti bu məhsulların maya dəyərinin ölkədaxili satış qiymətlərindən yüksək olmasını bəhanə tutaraq bu məhsulların qiymət artımı üçün əvvəlcədən zəmin hazırlayıb.
 
İqtisadçıya görə, gözlənilən əməkhaqqı artımları hesabına dövriyyədə çoxalacaq nağd pul kütləsi bu zəmini çox cəlbedici edəcək: "Artıq idxal malları 31 faizə qədər bahalaşıb. Bu ilin yanvar-may aylarında idxal 51 faiz və ya 2 milyard dollar (3,4 milyard manat) artıb. Bu artımın 62 faizə qədəri və ya 2,1 milyard manatı bahalaşma hesabınadır. Hələ yalnız idxalın yaratdığı bu dalğa, ötən ilə nəzərən, əmtəə bazarlarını 15%-dən çox (2,1:13,7∙100≈15,3%), istehlak bazarlarını isə 12%-dən çox (2,1:17,4∙100≈12,1%) bahalaşdırıb (13,7 və 17,4 uyğun olaraq əmtəə və istehlak bazarlarının ötənilki 5 aylıq həcmidir, milyard manatla ifadə olunub). Bu bahalaşma dalğası özü-özlüyündə ümumi alıcılıq qabiliyyətinə yüksək səviyyədə mənfi təsir göstərir", deyə bahalaşma istiqamətlərini göstərir.
 
Ekspertə görə, yerli istehsalda inkişafa nail olmaqla daxili bazarlara əlavə mal kütləsi çıxarılaraq ümumi bahalaşma səviyyəsini aşağı salmaq mümkün olardı, amma bu varianta ümid bəsləməyə dəyməz.
 
Ekspert ötən ilin 5 aylıq dövrülə bu ilin eyni dövrü arasında iqtisadi hesablamalar aparaq deyir ki, daxili bazarlara çıxarılan yerli malların kütləsi və ya fiziki həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalıb, daxili bazarlara natura şəklində yerli mal təklifi əhəmiyyətli dərəcədə aşağı düşüb.
 
N.Əliyev deyir ki, yerli istehsalçıların daxili ticarətdən itkiləri daha böyükdür, belə ki, ümumi ticarət dövriyyəsinin 5 aylıq həcmi bu il 14,3 milyard manat olub və yerli malların payı 31 faiz olub: "Deməli, yerli malların 4 aylıq ticarəti vur-tut 4,6 milyard manatdır (14,3∙31∶100 ≈4,4 milyard manat). Halbuki, ötən il bu sonuncu göstərici 7,1 milyard manat olmuşdu. Beləliklə, məlum olur ki, yerli malların daxili ticarətdən gəlirləri 2,7 milyard manat və ya 38 faiz azalıb".
 
Ekspert hesab edir ki, beş aylıq ticarətdən 2,7 milyard manat gəlir itkisinə uğramış yerli sahibkarlar (müəssisə və təşkilatlar) daxili bazarlara yönəlik istehsal fəaliyyətlərini genişləndirməyə həvəs göstərməyəcək, odur ki, sonrakı dövrdə yerli istehsal hesabına bazarlara mal təklifinin azalacağı ehtimalı çox yüksəkdir.
 
Müəllifə görə, yerli istehsalçıların bu cür davranışı idxal mallarının yaratdığı bahalaşma dalğasına nəinki zəiflədici təsir göstərməyəcək, əksinə, əlavə təkan verəcək, odur ki, kəmərləri sıxın, bahalaşmadan bahalaşma törəyəcək.

Google+ WhatsApp ok.ru