Bahalaşan benzin, ucuzlaşan avtomobil bazarı

Bahalaşan benzin, ucuzlaşan avtomobil bazarı

«Yeni Müsavat» qəzetində «Avtomobil bazarında son durum» sərlövhəli məqalə diqqət çəkir. Bakıda avtomobil bazarının durumu ekspert Vaqif Hüseynovla dəyərləndirilir:
 
«İkinci əl avtomobillərin qiyməti ucuzlaşıb. Belə ki, mühərrik həcmi 2.5-dən yuxarı olan avtomobillərin qiymətində 25 faizə qədər, mühərrik həcmi 2.5-dən aşağı olan avtomobillərdə isə 5 faizə qədər azalma müşahidə olunur», - deyə V.Hüseynov qəzetə bildirib.
 
Ekspertin deməsinə görə, bazardakı bu vəziyyət həm yay mövsümü, həm də yanacağın qiymətinin bahalaşması ilə bağlı formalaşıb: «Benzinin qiymətinin dəyişməsi ona təsir etdi ki, insanlar mühərrik həcmi aşağı, lakin at gücü yuxarı olan avtomobillərə üstünlük verirlər. Ümumiyyətlə, avtomobil bazarında ciddi dəyişiklik baş verir. Adətən, müştərilər həmişə 2002-ci ilə qədər olan köhnə «Opel» və «Mercedes» markalı avtomobillərdən istifadə edirdilər. Çünki həm yanacağın qiyməti aşağı idi, həm o avtomobillərin ehtiyat hissələri, təmir xərcləri nisbətən ucuz başa gəlirdi».
 
V.Hüseynov deyib ki, indi isə müştərilər mühərrik həcmi eyni, lakin at gücü daha çox olan yeni avtomobillərə üstünlük verirlər. Bu da həmin avtomobillərin qiymətində artıma səbəb olub.
 
Ekspert avtomobillərin ucuzlaşmasına daha bir səbəb də göstərir. Onun deməsinə görə, əvvəllər insanlar ucuz avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olurdular. Amma indi bazarda çoxlu sayda taksi şirkətləri fəaliyyət göstərir və bu da bazarda kəskin rəqabət doğurur.
 
V.Hüseynov vurğulayıb ki, benzinin qiymətində olan dəyişikliklər səbəbiylə köhnə avtomobillərlə taksi fəaliyyəti göstərmək rentabelli deyil.
 
Ekspert təxmin edir ki, avtomobil bazarında növbəti canlanma sentyabr ayından başlana bilər. Bazarda qiymətlərə gəlincə isə, o düşünür ki, bu, daha çox manatın məzənnəsindən asılı olacaq. /

Google+ WhatsApp ok.ru