Bakı: Çirkli və tozlu havanın qarşısı necə alına bilər?

Bakı: Çirkli və tozlu havanın qarşısı necə alına bilər?

-- havanın ümumi çirklənməsinin səbəbi...

"Bakının havası həm çirkli, həm tozludur", bu sözləri ətraf mühit məsələləri üzrə mütəxəssis Azərbaycanda havanın tərkibində karbon və kükürdün miqdarı dəfələrlə çoxalması barədə məlumatı şərh edərkən deyib.
 
Cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının havasında kükürdün miqdarının normadan 4, karbon qazının miqdarının isə 12 dəfədən çox olduğunu bildirib.
 
Məlumata görə, mayın 4-dən 8-dək davam edən qoxunun miqdarının azaldığı da bildirilib.
 
Nazirliyin Ətraf mühit üzrə Mill­i Monitorinq Departamentinin əməkdaşı Cəla­yir Səmədov deyib ki, buna səbəb ətraf mühitə atılan yanma məhsulları, zərərli maddələrdir, Report informasiya agentliyi cənab Səmədova istinadən yazır.
 
Departamentin əməkdaşları zərərli maddələrin miqdarının normaya düşənə qədər monitorinqlərinin davam edəcəyini deyib.
 
Nazirlik bundan əvvəlki açıqlamalarında kəskin iy-qoxunun daha çox Neft Emalı zavodunun ərazisində, "Ekol Mühəndislik Xidməti" QSC-nin neftli suların təmizlənməsi və Neft Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunduğunu qeyd edib.
 
Dövlət Neft Şirkəti (SOCAR) BBC Azərbaycancaya bildirib ki, zərərli maddələrin Neft Emalı Zavodundan yayılıb-yayılmaması araşdırılıb.
 
Qurum zavodda hər hansı bir nasazlığın aşkarlanmadığını deyib.
 
SOCAR bu məlumatı ciddi qəbul etdiyini və araşdırmaya davam etdiyini də qeyd edib.
 
"Ekol Mühəndislik Xidməti" QSC məsələ ilə bağlı BBC Azərbaycancaya şərh verməyib.
 
Havanın təmizlənməsi üçün nə edilə bilər?
 
Ətraf mühit məsələləri üzrə mütəxəssis Rövşən Abbasov zərərli maddələrinin çoxalmasının səbəbini yanma məhsullarında görür.
 
O BBC Azərbaycancaya deyib ki, havanın ümumi çirklənməsinin səbəbi "Bakıda həddindən artıq çox olan avtomobillərdir".
 
Cənab Abbasov deyir ki, xarici ölkələrdə bu problemi aradan qaldırmaq üçün ictimai nəqliyyat gücləndirilir.
 
"Azərbaycanda da buna ehtiyac var. İnsanlar ictimai nəqliyyata güvənmirlər və şəxsi maşın istifadə edirlər. Ehtiyac var ki, metro və etibarlı avtobus nəqliyyatı yaradılmalıdır ki, insanlar mənzil başına tez çata bilsin."
 
Bundan başqa mütəxəssis təklif edir ki, elektriklə işləyən avtomobillərin Azərbaycana gətirilməsi üsulları asanlaşdırılsa, əhalidə belə maşınları ala bilər.
 
Cənab Abbasov, həmçinin yaşıllıqların salınmasının da vacibliyini vurğulayıb.(bbc)

Google+ WhatsApp ok.ru